Naxçıvandakı Zirvə çıxışının 13 il sonra Səmərqənddəki ZİRVƏ təntənəsi - ANALİZ

Ardıcıllıq, qırılmazlıq, məqsədə doğru bir an belə, tərəddüd etmədən irəliləmək

   Naxçıvandakı Zirvə çıxışının 13 il sonra Səmərqənddəki ZİRVƏ təntənəsi -    ANALİZ
  11 Noyabr 2022    Oxunub:970
Azərbaycan Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə növbəti dəfə konseptual xarakterli çıxış edib.
Naxçıvanda 2009-cu ildə keçirilən Zirvə Görüşündə söylədiyi nitqdə səsləndirdiyi fikirlərin 13 il sonra məntiqi ardıcıllığını dəqiqliklə diqqətə çatdırması İlham Əliyevin uzaqgörənliyinin, məqsədyönlülüyünün, prinsipiallığının bir daha bariz nümunəsidir.
Ümimiyyətlə, Azərbaycan Prezidenti yürütdüyü daxili və xarici siyasətdə ardıcıllığı, qırılmazlığı, məqsədə doğru bir an belə, tərəddüd etmədən irəliləməyi əsas meyar seçib və İlham Əliyev həm də bu mövqeyi ilə xüsusi hörmət və nüfuz sahibinə çevrilib.

2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq TDT-nin böyük inkişaf yolu keçdiyini və cənab Prezidentin proqnozlarının özünü doğrultduğunu 13 il öncəki çıxışı bir daha xatırlatmaqla bariz şəkildə göstərmək mümkündür.

“Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.



Türk birliyi – Azərbaycan siyasətinin əsas prioriteti

Arzuladığını gerçəkləşdirmək asan deyil və Azərbaycan Prezidenti türk dünyası üçün arzuladığını əməlləri ilə gerçəkləşdirməyi bacaran fenomen siyasətçidir. Türk dünyasının birliyi üçün qəti addımlar atır, bütün türk dövlətlərinə qardaş münasibəti göstərir, bu birliyin daha sıx olması məqsədilə sidq ürəklə çalışır.

Prezident Səmərqəndə etdiyi çıxışın elə ilk cümlələrində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu xatırladıb. Bəyan edib ki, Türk dünyası bir ailədir və 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir: "Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə çalışıb".

İlham Əliyev bütün məqamlarda milli maraqları öndə tutur. Bu dəfə də çıxışında türk dünyasının birliyinin məhz milli maraqlar çərçivəsində qurulmasının məqsədəuyğunluğuna diqqət çəkib: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".
Dövlət başçısı türk dünyasının sərhədlərinin genişliyindən də söz açıb. Bildirib ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir:
"Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.

Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.
Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik".



İlham Əliyevin çıxışı türk ölkələrinin birlik konsepsiyasıdır

Bu fikirlər türk ölkələrinə genişlənmək üçün bir konsepsiya vermiş olacaq. Əlbəttə ayrı-ayrı türk ölkələri var, onların biriliyi alqışa layiqdir. Ancaq kənarda yaşayan milyonlarla türklər, o cümlədən Azərbaycan türkləri var, onların birliyi türk dünyasının hüdüdlarını, coğrafiyasını bütün dünya boyunca genişləndirər. Türk xalqları və ölkələri nə qədər geniş sferada birləşsələr bir o qədər siyasi və mənəvi təhlükəsizliklərini təmin etmiş olarlar.

Prezident dünya azərbaycanlıları deyəndə xüsusən Cənubi Azərbaycanda yaşayan azərbaycanlıları da nəzərdə tutub. “Mən dünyada yaşayan bütün azərbaycanlıların Prezidentiyəm” – İlham Əliyev belə demişdi, belə də var.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən bütün azərbaycanlılara səslənməsi də onun bu liderliyi haqq etdiyini yüz faiz təsdiqləmiş oldu.
Azərbaycanın 30 il Ermənistanın işğalında olan torpaqları azad etməsi ilə bağlı 44 günlük müharibəni, "Böyük Qayıdış"a başlanıldığını, ermənilərin yurdlarımızı viran qoyduqlarını, həmin ərazilərdə tikinti-quruculuq işlərinin aparıldığını xatırladan Prezident bütün türk ölkələrini Qarabağın və Şərqi Zəngəzurun bərpasında yaxından iştiraka çağırıb.



Türk ölkələri Qarabağda birləşəcəklər

Həqiqətən də niyə axı türk ölkələrinin şirkətləri Qarabağın qurulmasında yaxından iştirak etməsinlər. Biz əgər qardaşıqsa, hər yerdə, hər an qardaş kimi davranmalıyıq. Türkiyə dövləti həm müharibə dövründə, həm ondan əvvəlki işğal illərində, həm də indi Azərbaycanın hər sahədə yanındadır, harada Azərbaycan yoxdur, orada Türkiyə, harada Türkiyə yoxdur, orada Azərbaycan var – pinsipi ilə mükəmməl davam edən qadaşlıq bütün türk ölkələrinə niyə nümunə olmasın?!
Türk Dövlətləri Təşkilatına üzv olan ölklərin hər biri Qarabağdakı proseslərə qoşulsa, o yerlərdə cənnət daha tez və rahat şəkildə qurular. Dünya da türk birliyinin əməldə təcəssümünün şahidi olar.

13 il öncə Naxçıvanda keçirilən Zirvə Görüşündə bu diyarın türk dünyası üçün böyük strateji əhəmiyyətindən söz açan İlham Əliyev Naxçıvanı Azərbaycanın Türkiyə ilə həmsərhəd olan yeganə bölgəsi kimi xarakterizə etmişdi : “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.



Türk birliyinə məhz indi həmişəkindən daha çox ehtiyac var

Artıq birləşmə reallığı gerçəyə çevrilib. İlham Əliyev Səmərqənddəki Zirvə çıxışında ermənilərin işğalda saxladıqları Azərbaycan ərazilərində illər boyu vəhşiliklər törətdiklərini, dini abidələri, müqəddəs məkanları dağıtdılqarını, murdarladıqlarını, basdırdıqları minalar nəticəsində işğaldan sonrakı 2 il ərzində 270 nəfərin qurban getdiyini xatırlatmaqla Azərbaycanın qurduğu işıqlı gələcəyin hansı çətinliklər bahasına başa gəldiyini və məhz belə məqamlarda türk ölkələrinin əməli birlik nümayiş etdirməsinin vacib olduğunu bildirib. Prezident işğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını, əziz qardaşı deyə xitab etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara üç dəfə təşrif buyurduğunu, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcəyini, Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzi inşa olunacağını xatırladaraq hər üç ölkənin Prezidentinə dərin minnətdarlığını çatdırıb. Ardından isə belə deyib: “Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm”.

Türkiyənin, Qazaxıstanın, Özbəkistanın artıq Qarabağa və Şərqi Zəngəzura qədəm qoyması çox böyük ehtimal ki, başqa türk dövlətləri üçün nümunə olacaq. Həm də Azərbaycan Prezidenti şəxsən dəvət çağırışında bulundu. Yaxın günlərdə işğaldan azad olunmuş ərazilərə digər türk ölkə rəhbərlərinin gələcəyini inamla və səbirsizliklə gözləyək.

Belə olacağı təqdirdə Azərbaycan Prezidentinin bu dəfəki Zirfə Görüşündə səsləndirdiyi fikirlərin reallaşdığı bir daha təsdiqni tapacaq.
İlham Əliyev çıxışında Türk dünyasının böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu söyləyib. Müdafiə, təhlükəsizlik və hərbi sənaye yeni əməkdaşlıq sahəsi kimi inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açıb.

“Türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır” – belə deyib Azərbaycan Prezidenti.



Azərbaycanın hansı əhəmiyyətə, hansı gücə, hansı potensiala malik olduğu hər yerdən açıq-aydın görünür.

Elə belə də olacaq. Məhz Azərbaycan belə olması üçün bütün səylərini ortaya qoyub. İlham Əliyev çıxışında həm də bir yol xəritəsi təqdim edib. Faktiki Azərbaycan bu yol xəritəsini gerçəkləşdirməyi bacaran ölkə statusundadır. Daha işğal faktoru yox, erməni təxribatlarının qarşısı qətiyyətlə alınır, Qarabağda tikinti-quruculuq işləri aparılır. Yeri gəlmişkən Prezident sentyabr hadisələrini – Ermənistanın sərhəddə hərbi təxribatlar törətdiyini, bizim onlara cavab vermək məcburiyyətində qaldığımızı və layiqli də cavab verdiyimizi xatırladıb, Ermənistanın Azərbaycana qarşı “təcavüz” ittihamlarının tam əsassız olduğunu bəyan edib.
Azərbaycan dinc qonşuluq şəraitində yaşamaq xətti tutub. Bütün əməllərimizlə niyyətimizin saf olduğunu göstəririk. Qarabağ münaqişəsi tarixdə qalıb, Praqa və Soçi bəyanatları da bu gerçəyi sübut edir. Ermənistanın İslam dünyasına hörmətsizliyi də hər kəs tərəfdən qınanılır. Məhz bu amillərə, Qarabağın azad edilməsinə görə ötən il Prezident İlham Əliyev İstanbulda ordenə layiq görülüb, Macarıstanın baş naziri Avropanın alternativ enerji ilə təmin edilməsinə görə Azərbaycana təşəkkür edib. Azərbaycan qazının Avropa üçün yeganə alternativ mənbədir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu yüksəlir.

Azərbaycanın hansı əhəmiyyətə, hansı gücə, hansı potensiala malik olduğu hər yerdən açıq-aydın görünür. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə məhz bu gerçəyi bəyan edərək türk dünyasının birləşdirici, inkşaf etdirici faktoru ola biləcəyimizi detallı şəkildə bütün türk öıkələrinə çatdırdı.

AzVision.az



Teqlər:





Xəbər lenti