“Qətiyyətli cavab”ın bilinməyən detalları: Kömürdağda necə möhkəmləndik – FOTOLAR

      “Qətiyyətli cavab”ın bilinməyən detalları:    Kömürdağda necə möhkəmləndik –    FOTOLAR
  14 Noyabr 2022    Oxunub:11169
Şərqi Göyçə silsiləsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sovet respublikaları arasında ümumi sərhədi göstərmək üçün istifadə etdiyi təbii sərhəddir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının imzalanmasından sonra tərəflərin mövqeyini əyani olaraq müəyyən etməyə imkan verən ilkin sənədin əsasını da elə həmin redaktə edilmiş topoqrafik çertyoj təşkil edir.
Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənə Kəlbəcəri tərk etmək üçün verilən uzun müddətin başa çatmasını səbirsizliklə gözlədiyi bir vaxtda Ermənistan ordusunun qalıqları yuxarıdakı silsilə boyu yerləşən əsas strateji yüksəklikləri tələm-tələsik işğal etdi. Şərti sərhəd xidmətinin həyata keçirilməsinə hazır olmayan ərazilərdə ordumuzun ilk postlarının görünməyə başlaması 2020-2021-ci illərin sərt qışına düşdü.


Əgər Ermənistan ərazisindəki ilk yaşayış məntəqələrindən Azərbaycan istiqamətindəki Ermənistan Respublikası Silahlı Qüvvələrinin ön istehkamlarına qədər orta hesabla 3-5 km məsafə vardısa, işğalçıların dağıtdığı Kəlbəcərdən delimitasiya olunmamış sərhədə qədər onlarla kilometr ərazi tam keçilməz və yolsuz vəziyyətdə idi. Qar örtüyünün hündürlüyü və intensiv çovğunlar nəinki avanpostların, dayaqların və anbarların əlverişli şəkildə yerləşdirilməsinə imkan vermir, həm də onları səmərəli şəkildə təchizatını mümkünsüz edirdi.


Yaranmış çətin vəziyyətdə ilk ciddi addım Laçın rayonunun Kilsəli dağı yaxınlığındakı (dəniz səviyyəsindən 2794,3 metr hündürlükdə) dərədə erməni terrorçularının qanlı təxribatından sonra genişmiqyaslı cəza əməliyyatı oldu. Məhz ötən ilin noyabr hadisələrindən sonra Azərbaycan Silahlı Qüvvələrinin bölmələri həlledici hücumla bütün Şərqi Göyçə silsiləsi boyu uzanan sərhədlərə çata və ilk qar yağana qədər onun əsas strateji yüksəkliklərində möhkəmlənə bildilər.

Görünməyən, lakin hiss olunan xəttin keçdiyi yer əslində sərhəd olmalı idi. Qısa müddətdə qurulmuş ciddi yol infrastrukturu bizə imkan verdi ki, öz mövqelərimizi gücləndirək və hələlik delimitasiya olunmamış sərhəd zolağında növbəti qış mövsümünə düzgün hazırlaşaq.


Planı başqa bir şey pozdu - bölgənin relyefinin mürəkkəb konfiqurasiyası düşmənə nəinki ordumuzun təchizat marşrutlarını vizual olaraq nəzarət etməyə, həm də ona təxribatlar təşkil etmək imkanı yaradan ərazilərdə yerləşməyə, qayalı yollara qalxmağa, onları minalamağa və ya gecə mövqelərimizi atəşə tutmağa imkan verirdi. Çünki Ermənistanın Silahlı Qüvvələrinin istehkamlarının bir hissəsi nəinki delimitasiya olunmamış sərhəd zonasına soxuşdurulmuşdu, hətta çox zaman Azərbaycanın inzibati ərazisində yerləşirdi. Tərəflərin bir-birindən cəmi on beş-iyirmi metr məsafədə durduqları belə təhlükəli ərazilərin sayı kifayət qədər idi.


Ötən ilin noyabr ayında əldə edilmiş atəşkəs razılaşmaları fonunda Ermənistan Silahlı Qüvvələri metodik olaraq ərazimizə doğru yeni cığırlar salmış, əlavə “aralıq” postlar, mühəndis strukturları yaratmış, hətta Kömürdağ (3058,1) və Qumurdağ (3036,9) dağlarının yamaclarına, eləcə də onların cinahlarında yerləşən 2816 və 2911 saylı adsız strateji yüksəkliklərin bəzi hissələrinə qalxmışdılar.

Bu yerləşmə onlara taktiki üstünlük verməsə də, 2021-ci ilin noyabrında Azərbaycan ordusunun buraxdığı boşluqları doldurmağa imkan yaratdı. Əməliyyat nöqteyi-nəzərindən yerlərdə belə bir vəziyyətə daha dözmək mümkün deyildi. Erməni revanşist qruplaşması sərhəddə daim hərbi gərginlik yaratmaqla məsələnin siyasi həllini ləngitmək üçün əlindən gələni edirdi...


Bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin delimitasiya olunmamış bütün sərhəd xətti boyunca növbəti irimiqyaslı silahlı təxribat törətməsi səs-küylü fiasko ilə başa çatdı. “Qətiyyətli cavab” əks-terror əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kömürdağ və onun 2816 və 2911 saylı cinah yamaclarından azı bir neçə kilometr aralıda erməni terrorçularını uğurla geri oturtdular.


Dayaq məntəqələrinə, təchizat yollarına və düşmənin cəmləşdiyi mövqelərə hesablanmış artilleriya zərbələri ilə başlayan əməliyyat rəvan şəkildə birbaşa hücuma çevrildi və bundan sonra 3058.1 saylı təpənin sol cinahında düşmənin yalnız cəsədləri qaldı. Kömürdağın yamacında yerləşən erməni dayaq məntəqəsinin qalan şəxsi heyəti tələsik əks istiqamətə geri çəkildilər və öz minalarına düşərək partladılar.

Ermənistan ordusunun bölmələri paralel olaraq 2816 və 2911 saylı cinah yamaclarından sıxışdırılıb çıxarıldığından, bir neçə kilometr aşağı enərək, Basarkeçər rayonunun Yuxarı Şorca qəsəbəsinə gedən torpaq yolda mövqe tutmalı oldu. Qısa müddətdə Azərbaycan Silahlı Qüvvələrinin mühəndis strukturlarının xətti strateji yüksəkliyin bütün perimetri boyunca uğurla uzadıldı, düşmən tərəfdən ora gedən təchizat yolu bağlandı.


Ordu hissələrimiz nəinki Kömürdağı təmizləməyə və ona bitişik ərazi üzərində birbaşa vizual nəzarət məsafəsini Göyçə gölünə qədər genişləndirməyə, həm də qış dövrü başlayana qədər təchizat yollarının təhlükəsizliyini təmin etməyə və Şərqi Göyçə silsiləsi strateji yüksəklikləri üzərində fasiləsiz nəzarət zəncirini bağlamağa nail oldular...

Hans Kloss / Kəlbəcər, 10.2022
Foto: Polygon Azerbaijan / Xüsusi olaraq AzVision.az üçün


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.5.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.


Teqlər: Qətiyyətli-cavab   Kəlbəcər   Kömürdağ  





Xəbər lenti