Aksiyadan sonra heç nə əvvəlki kimi olmayacaq - Ekspertlərin şərhi

Aksiyadan sonra heç nə əvvəlki kimi olmayacaq -    Ekspertlərin şərhi
  22 Dekabr 2022    Oxunub:3081
11 gündür ki, Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyaları keçirilir. Xankəndi-Laçın yolundakı aksiyalar sonda hansı nəticələrə gətirib çıxaracaq?
Politoloq İlqar Vəlizadə deyib ki, dinc aksiyalar əslində bölgədə yeni dövrü başladıb. Laçın dəhlizi artıq köhnə, yəni əvvəlki rejimdə fəaliyyət göstərməyəcək.

- Ümid edirik ki, "ekoloji terrora son" tələbilə keçirilən aksiyalardan sonra artıq dəhlizdən necə gəldi istifadə etməyəcəklər. Yoldan qanunsuz, daşınması qadağan olunan mallar, hərbi məhsullar, silahlar və s. buraxılmayacaq. O cümlədən də xarici vətəndaşlar ərazimizə rahat şəkildə keçib-getməyəcəklər. Zənnimcə, sonda bu mövzuda müəyyən şərtlər razılaşdırıla bilər ki, dəhliz həmin yeni qaydalarla işləsin. Digər tərəfdən, bizim haqlı etirazların nəticəsi olaraq yolda Bakıya birbaşa tabe olan xüsusi post da quraşdırıla bilər. Həmin post bu və ya digər şəkildə Azərbaycan ərazilərinə daxil olan yüklərə, nəqliyyat vasitələrinə nəzarət edəcək, - politoloq qeyd edib.

Ekspertin sözlərinə görə, qarşıdakı illərdə Qarabağdakı vəziyyət köklü şəkildə dəyişməlidir. Söhbət təkcə Laçın dəhlizindən getmir. Eyni zamanda Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə dəyişikliklər baş verməlidir:


- Separatçı ünsürlər də hələlik nəzarət edə bilmədiyimiz bölgələrimizdən çıxarılmalıdır. Silahlı dəstələr isə tərksilah olunaraq tam zərərsizləşdirilməlidir. Başlatdığımız mübarizədə əsas ümidlərimiz bundan ibarətdir. Azərbaycan ilk dəfə idi ki, belə bir metoda əl atdı və ekoaktivistlərin başlatdığı aksiyalara cəmiyyətimizi təmsil edən müxtəlif təbəqədən olan insanlar aktiv şəkildə qoşuldular. Ancaq bu əslində tam bizim istədiyimiz metod da deyil və dediyim kimi, müvəqqəti üsuldur. Burada müəyyən institutsional işlər aparılmalıdır. Dəhlizə, Qarabağdakı bütün mədənlərə, strateji obyektlərimizə daimi nəzarət mexanizmləri formalaşmalıdır. Məqsədlərimizdən biri də budur ki, daha bu yöndən təhdidlər gəlməsin. Həm dəhlizin funksionallığından, həm də sülhməramlıların müvəqqəti nəzarətində olan bölgədən təhdid görməyək.Təhlükələr davam etsə, əlbəttə ki, daha təsirli addımlar atmağa məcbur olacağıq. İndiki aksiya sadəcə bir işarə, göstərici idi. Hələlik cəmiyyətin həmrəy şəkildə narazı olmasını göstərdik. Ancaq bölgədə daha ciddi tədbirlərin görülməsi qaçılmazdır.


Politoloq Qabil Hüseynli əslində yeni tarixin yazıldığını deyib. O qeyd edib ki, piketin siyasi tərəfləri daha çox diqqət çəkir: "İrəvanla Bakı arasında münasibətlərin sülh məcrasında tənzimlənməsi dalana dirəndi və siyasi mənzərə dəyişdi. İndi mübarizə meydanına, siyasi arenaya ictimaiyyət nümayəndələri, vətəndaş təşkilatları çıxıblar. Sadə insanlar 11 gündür ki, sivil yollarla Azərbaycanın bölgədəki haqlarının, hüquqlarının təmin edilməsinə çağırışlar edirlər. Həqiqətən də çox ideal və sivil bir mübarizə yolu seçilib"

İrəvanın dəhlizdə "xəstə oyun"u
Ekspertin sözlərinə görə, Azərbaycanın qəhrəman vətəndaş təşkilatlarının, könüllülərin, ümumilikdə ictimaiyyət nümayəndələrinin bu davranışları həm də ona yönəlib ki, bizim ərazi bütövlüyümüz üzərində suverenliyimizin bərpa edilməsi üçün hər şeyə hazır olduğumuzu göstərsin: "Hətta ölümə getməyə belə hazırıq! Hazırda rus sülhməramlılarının bu məsələlərdə həsaslığını istəyirik. Ermənistanın isə hadisələrdə qızışdırıcı mövqe tutmamasını tələb edirik. BMT başqa olmaqla digər beynəlxalq təşkilatlardan Azərbaycanın ərazi bütövlüyünə hörmət tələb edirik. Yayılan bəyanatlarda bu fikirlərin altından qırmızı xətt də çəkilib. Bir sözlə, aksiyaları uğurlu sayıram və məlum tədbirlərdə əsasən ekoloji tələblər ortaya qoyulsa da, sonda o siyasi məqsədlərinə çata bilər".


Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov işğaldan azad olunan ərazilərin hər zaman Azərbaycan üçün həssas mövzu olduğunu deyib. O, Xankəndinə gedən yolda aksiya təşkil etməyimizi uğurlu metod sayıb:

- 11 gündür Laçın dəhlizində davam edən aksiyalara ehtiyac yaranmışdı. Bu gün də piketlərin davamlı olmasına ehtiyac var. Ekoaktivistlərin başlatdığı bu etirazları "yumşaq güc" də adlandırırlar. Biz sadəcə öz hüquqlarımızı tələb edir, dinc aksiya keçirib ekoloji terrora son qoyulmasını istəyirik. Artıq bizim aidiyyəti qurumların da talanan mədənlərə nəzarət etməsinin vaxtı çatıb. Madam ki, sülhməramlı missiya məlum razılaşma ilə bağlı bəndlərdə yazılanları yerinə yetirmir, bizə haqqında söz açılan ərazilərdə qanunsuz şəkildə istismar olunan yerlərə baxış keçirməyə şərait yaratmır, o zaman bunu özümüz hansısa yolla etməliyik. Başqa variant yoxdur, - deputat qeyd edib.

Onun sözlərinə görə, əgər belə davranmasaq, haqqımızı tələb etməsək, bu aksiyalarla qarşımıza qoyduğumuz məqsədlərə, istədiyimizə tam şəkildə nail ola bilməyəcəyik: "Təəssüf ki, indi cəmiyyətdə aksiyalarla bağlı yanlış fikirlər səsləndirən adamlar da var. Kimsə bu etirazları bəyənmirsə, o zaman başqa uyğun təkliflər versin. Çıxış yolu göstərsin ki, bizi talayanlarla,düşmənlərimizlə necə davranaq. Bu baxımdan müəyyən mənada yollar axtarır, çalışırıq ki, hədəfimizə, məqsədimizə nail olaq".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Dəhliz   Xankəndi   Aksiya   Politoloq  





Xəbər lenti