“Konyak diplomatiyası”nın növbəti fəsadı

// Avropa Parlamenti yenə özünü batırdı

    “Konyak diplomatiyası”nın  növbəti fəsadı
  21 Yanvar 2023    Oxunub:9331
Avropa Parlamenti ifrat ermənipərəst fransalı deputatların təşəbbüsü ilə Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycana qarşı yönələn sərsəm ittihamlar və çağırışlar o qədər absurddur ki, onun Avropa İttifaqının əsas qurumlarından birində yox, sanki 18-ci əsrin sonlarında keçirilən küçə yığıncaqlarında qəbul olunduğu təsəvvürü yaranır.
Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi və Şərqi Zənəgəzur bölgəsini ( qətnamədə “Dağlıq Qarabağ” yazılıb - red. ) ətraf dünya ilə birləşdirən yeganə dəhlizin - Laçın yolunun guya “blokada”ya alınması nəticəsində orada yaşayan ermənilərin ciddi çətinliklərlə üzləşdikləri vurğulanır. Humanitar fəlakətin yaranmaması üçün qətnaməni dəstəkləyən avroparlamentarilər Azərbaycanı Laçın yolunu açmağa çağırıblar. Onlar Laçın yoluna nəzarət edən rusiyalı sülhməramlıları fəaliyyətsizlikdə günahlandıraraq, BMT-ni və ya ATƏT-i dəhlizə faktları qeydə alacaq missiya göndərməyə çağırıblar. Üstəlik, Şərqi Zənəgəzur bölgəsində müvəqqəti yerləşən rusiyalı sülhməramlıların ATƏT-in beynəlxalq sülhməramlı qüvvələri ilə əvəz olunması zərurətini vurğulayıblar.

Sağlam məntiqə sığmayan bu “çağırışlar”ın zirvə nöqtəsi isə “Madrid prinsipləri”nə (!) istinadlar əsasında tərəfləri sülh danışıqlarını bərpa etmək çağırışı olub.

Oğru elə bağırdı ki...

Əvvəla, Azərbaycanın Ermənistana qarşı təcavüzü indiyədək heç bir beynəlxalq və ya regional qurumun sənədlərində təsbit olunmayıb və oluna da bilməz. Çünki hələ heç kim belə bir faktı ortaya qoymayıb. Amma məhz erməni silahlı qüvvələrinin Azərbaycanın ərazilərini işğal etməsi hələ 30 il bundan əvvəl BMT-nin 4 qətnaməsində əksini tapıb.

İkincisi, indi guya Ermənistanın ərazi bütövlüyünün pozulmasından və pozula biləcəyindən narahatlığını izhar edən AP təxminən 30 il ərzində Azərbaycanın 20% ərazisi erməni işğal altında qalanda bir an belə narahatlıq keçirmədi. Bu selektiv yanaşmanın arxasında hansı müəmma gizlənir?

Üçüncüsü, guya Azərbaycanın Laçın dəhlizini bağlaması nəticəsində Şərqi Zənəgəzur bölgəsində yaşayan ermənilərin az qala humanitar fəlakətlə üzləşə biləcəyi iddiasını irəli sürən AP, nədənsə ötən əsrin 90-cı illərində nəinki o vaxtkı Dağlıq Qarabağda, hətta onun inzibati sərhədlərindən kənarda yerləşən işğal olunmuş Azərbaycan ərazilərində dinc sakinlərə qarşı həyata keçirilən soyqırımdan və etnik təmizləmələrdən bixəbərlik nümayiş etdirirdi. Niyə indiyədək də Xocalı soyqırımına hüquqi qiymət verməyə özündə cəsarət tapmır?

Dördüncüsü, Azərbaycan Laçın dəhlizini bloklamayıb və belə bir niyyəti də yoxdur. Bunu həmin marşrutla humanitar yüklər daşıyan nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti sübuta yetirir. Amma bu başqa məsələdir ki, Azərbaycanın humanist yanaşmasından istifadə edən Ermənistan və separatçı rejimin tör-töküntüləri təxminən son iki ildə Laçın dəhlizini Azərbaycana ölüm daşıyan yola çevirmişdilər. Bu yolla daşınan minalar vasitəsilə törədilən terror aktları nəticəsində 44 günlük Vətən müharibəsindən sonra 300-ə qədər Azərbaycan vətəndaşı qurban gedib. Məhz bu məsələdə məsuliyyət rusiyalı sülhməramlıların üzərinə düşsə də, avroparlamentarilər onlara heç bir irad bildirmirdilər.



Azərbaycanlı ekofəalların etiraz aksiyalarından sonra isə Ermənistanın cinayətkar əməllərinin qarşısının alınmasından təşvişə düşən avroparlamentarilər rusiyalı sülhməramlıları günahlandırmağa başlayıblar. Siz nə möhkəm yatıbmışsınız, cənablar!

10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə əsasən, Ermənistan qoşunları Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmalı idi. Buna əməl etməyən Ermənistan hələ də öz ordusunu Azərbaycanın işğal altındakı 8 kəndindən geri çəkməyə tələsmir. Əvəzində isə AP Azərbaycanı Ermənistan ərazilərini (?!) boşaltmağa çağırır.

10 noyabr 2020-ci il üçtərəfli bəyanatına görə, Laçın dəhlizinin qarşılığında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol da açılmalı idi. Amma xarici havadarlarına arxalanan Ermənistan üzərinə götürdüyü bu öhdəlikdən yayınmağa çalışır.

Nəhayət, “münaqişə” tərəflərini tarixin zibilliyinə atılmış “Madrid prinsipləri”nə istinadən sülh danışıqlarının bərpasına çağırmaq heç bir məntiqə sığmır. Vaxtilə həmin prinsipləri elə Ermənistanın özü rədd edirdi. Məhz buna görə Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində münaqişəni hərbi yolla həll etdi. İndi “Madrid prinsipləri” əsasında tərəfləri sülh danışıqlarını bərpa etməyə çağırmaq yalnız xəstə təxəyyülün məhsulu ola bilər. Çünki “Dağlıq Qarabaş münaqişəsi” 2020-ci ilin noyabrında çözülüb. Avroparlamentarilər isə regionda vəziyyəti “sıfır” nöqtəsinə, yəni Azərbaycanın 20% ərazisinin işğal altında olduğu dövrə qaytarmaqla yenidən “münaqişə” reallığını bərpa etməyə çağırırlar. Belə “rasional” təklifə ağlı başında olan heç kim razılaşmaz.

“Hakimlər” özləri kimdir?

Bu fantasmaqoriyada ən çox istehza doğuran məqam cəmi bir ay əvvəl Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonlarla dollarlıq korrupsiya qalmaqalları ilə tarixə düşən, mütəmadi şəkildə irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə məşhurlaşan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan bir qurumun Azərbaycana “öyüd-nəsihət” vermək cəhdidir. Öz siyasəti ilə ifrat ermənipərəst mövqe sərgiləyənlərin kimlərəsə, xüsusilə də, tarixən bütün dünyaya etnokonfessional tolerantlıq və dinc qonşuluq nümunəsi göstərən Azərbaycana öyüd-nəsihət verməyə heç bir mənəvi haqqı çatmır. AP əslində regionda müsbət prosesləri və sülhü əngəlləməklə separatçılığın, qanunsuzluğun, ksenofobiyanın təşviqi ilə məşğul olur.

Vaxtilə məhz təcavüzkar Ermənistanın maraqlarına xidmət göstərərək, AP Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxırdı. Lakin zamanın özü bu layihənin Avropanın enerji təhlükəsizliyi üçün nə qədər vacib olduğunu sübuta yetirdi. AP-nin hazırkı destruktiv mövqeyi də sanki Avropanın enerji təhlükəsizliyini sual altına almağa hesablanıb.

Sahil İsgəndərov, politoloq

AzVision.az



Teqlər: Avroparlament   qərəz  





Xəbər lenti