Minimum əməkhaqqının yaratdığı problemlər – TƏHLİL

// Bu sahədə qanunvericilkdə dəyişikliklərə ehtiyac var

   Minimum əməkhaqqının yaratdığı problemlər –    TƏHLİL
  30 Yanvar 2023    Oxunub:2809
Minimum əməkhaqqının artması istər dövlət, istərsə də özəl sektorlarda çalışanların maaşlarına təsir edir. Belə ki, birincisi bu, ölkə üzrə ən aşağı əməkhaqqı səviyyəsi sayıldığından işəgötürənin daha aşağı maaş təklif etmək ixtiyarı yoxdur, ikincisi isə göstərici dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını da müəyyən edir. Söhbət maaşları 19 pilləli vahid tarif cədvəli (VTC) ilə tənzimlənən 700 min nəfərdən işçidən gedir.
Son 4 ildə sözügedən göstərici 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə keçən il yüksəldilmişdi. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlkilərə nisbətən daha çox və sürətlə artmışdı.

2019-cu ilin mart və sentyabr aylarında 2 sosial paket icra edilməklə minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırıldı. Nəticədə ilk dəfə yaşayış minimumu göstəricisini keçdi. Hökumət neçə illər idi məhz buna çalışırdı.

Hazırda minimum əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən (2023-cü ildən hər ikisi 246 manat edilib) 40,2% yüksək olmaqla daha böyük məna kəsb edir. Lakin yenə də hər şey tələb olunan vəziyyətdə deyil. Belə ki, minimum əməkhaqqının həddilə yanaşı, əhəmiyyəti, rolu da artmalıdır.

Bilavasitə 345 manatla bağlı dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində demişdi ki, bu, hələ qaneedici deyil və imkan daxilində bütün addımlar atılır. Söhbət ondan gedir ki, sözügedən göstərici 1 yanvar 2023-cü il tarixdən 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60%-nə çatdırmağı öhdəlik götürmüşdü. Bu üzdən də 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər həmin məsələ əsas hədəf kimi seçilmişdi. Lakin ötən il ölkədə orta aylıq əməkhaqqının təxminən 830 manat olduğunu nəzərə alsaq, 345 manat bunun 42%-i edir.

Səbəb odur ki, bu məsələdə düşünülməmiş addım atmaq olmaz. Minimum əməkhaqqının əsassız artımı ilk növbədə dövlət sektorunda çalışan 700 min nəfərin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.
İkincisi və ən mühümü isə minimum əməkhaqqının artımı işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü, yəni məcburi dövlət sosial sığorta haqlarını artırır .

Məcburi dövlət sosial sığorta haqqı - qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilərək, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
Sığortaedənin ödədiyi sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22%-i, sığortaolunan üzrə isə işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3%-i həcmindədir. Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.

Beləliklə, heç də hər şey göründüyü kimi sadə deyil. Bir tərəfdən inflyasiya amilini, digər tərəfdənsə sahibkarların xərclərini və məcburi dövlət sosial sığorta haqları üzrə öhdəlikləri diqqətdə saxlamaq lazımdır. Çünki söhbət çox həssas məqamdan gedir. Minimum əməkhaqqı artırılan zaman yerli istehsal və xidmət sektorunda maya dəyəri qalxmaqla yanaşı, ümumən əməkhaqqları da yüksəldiyindən, inflyasiya üçün münbit fon yaranır.

Bu baxımdan, minimum əməkhaqqı artırılan zaman işəgötürənlərin və fərdi sahibkarlıqla məşğul olanların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərinin yüksəlməməsindən ötrü hesab edirəm ki, məsələn, sığorta haqqına cəlb olunan aylıq gəlir məbləği 300 manata qaldırılsa, sığortaolunanın gəlirlərindən tutulan sosial sığorta haqqı dərəcəsi isə 3%-dən 2%-ə endirilsə daha məqsədəuyğun olardı.

Ümumiyyətlə, bu sahədə qanunvericilkdə dəyişikliklərə ehtiyac var. Ona görə ki, ölkədə sözügedən göstərici üzrə mexanizmin təsir və işlək xüsusiyyəti artmalı, minimum əməkhaqqından mümkün dərəcədə kiçik məbləğdə sosial ayırma və vergi tutulmalı, onun ölkədə əsas iqtisadi və sosial göstərici olaraq rolu və önəmi həlledici həddə çatdırılmalıdır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Əməkhaqqı  





Xəbər lenti