“Biz evləri boşaldırıq, sökmürük” - Metropolitendən AÇIQLAMA

“Biz evləri boşaldırıq, sökmürük” - Metropolitendən AÇIQLAMA
  23 May 2014    Oxunub:826
“Hazırda heç bir söküntü aparılmır və sakinlərdən heç biri aksiya keçirmir”
“Bakı Metropoliteni” “Dərnəgül” Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində inşa edilən evlərin boşaldılmasına başlayıb.

Bu barədə AzVision.az- Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Bildirib ki, vətəndaşların iştirakı ilə onların əşyaları ərazidən çıxarılır.

“Evlərin boşaldılmasına başlanılıb. Bizim əməkdaşlar da hazırda buradadır. Yüklər aktlaşdırılır, maşınlarla sakinlərin istədikləri əraziyə aparılır. Bütün işçi qüvvəsi, maşın xərcləri bizim tərəfimizdən qarşılanır”.

N.Paşayev bildirib ki, sözügedən ərazidə heç bir söküntü işləri aparılmır.

“Hələ ki, evlərin boşaldılması prosesi gedir. Heç bir ev sökülmür və burada aksiya keçirən şəxs də yoxdur. Vətəndaşların razılığı ilə onların evləri boşaldılır”-deyə, Metropoliten sözçüsü əlavə edib.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, "Bakı Metropoliteni" QSC tərəfindən "Dərnəgül" Deposunun tikintisi üçün ayrılan torpaq sahəsindəki evlərin söküntüsünə başlanılıb. Evlərindən çıxarılan sakinlər aksiya keçirirlər.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:  





Xəbər lenti