Azərbaycanlı 15 rusun həyatını xilas etdi

Azərbaycanlı 15 rusun həyatını xilas etdi
  25 May 2014    Oxunub:1005
Xəbər verdiyimiz kimi, Rusiyanın Krasnoyarsk şəhərinin küçələrindən birində avtobus qaynar su çuxuruna düşüb.

Hadisə nəticəsində avtobusdakı sərnişinlərdən 11 nəfəri ağır yanıq xəsarətləri alıb. Yaralılardan ikisi şəhər təcili yardım xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdir.
Hadisə Vavilov küçəsində, 1 nömrəli binanın qarşısında baş vermişdir. İlkin məlumatlara görə, qaynar su borusu partlamış və nəticədə çuxura qaynar su yığılmışdır. 65 nömrəli avtobusun sürücüsü çuxurun yanından keçmək istəsə də, avtobusun təkəri kanalizasiya lükünə düşüb.

Şəhər polisindən verilən məlumatda deyilir ki, qaynar su avtobusun salonuna axmağa başlayıb. Həmin an avtobusda 15 sərnişin olub. Rusiya mətbuatının yaydığı məlumatda bildirir ki, avtobusun sərnişinlərini azərbaycanlı Səbuhi Rəhimov xilas edib.

Artıq Rusiyanın bir çox qəzet və televiziyalarının baş xəbəri bu azərbaycanlı oğlanın qəhrəmanlığından bəhs edir.

Səbuhi Rəhimov hadisə baş verən andan sonra Rusiya televiziyalarına hadisənin təfərrüatları və insanları necə xilas etdiyi barədə müsahibə verib. Həmvətənimiz mayın 24-də isə Rusiyanın “Yeddinci kanal” televiziyasının qonağı olub. O, bildirib ki, su çuxurdan 20 metr hündürlüyə fışqırıb. Azərbaycanlı xilaskar deyib: “Yolda dayanmışdım. Avtobusun yaxınlaşdığını görəndə qışqırmağa, əllərimi yelləməyə, sürücünü xəbərdar etməyə çalışdım. Amma o mənə qulaq asmadı, avtobusu düz çuxurun üstünə sürdü. Avtobus çuxura düşəndə isə sərnişinlərin yanacağını hiss etdim. Çünki “PAZ” markalı avtobusun qapısı açılmırdı. Bunu görəndə arxa şüşəni sındırdım, sonra oradakı sərnişinləri çıxarmağa başladım. 2-3 dəqiqə də çəksəydi, sərnişinlər orada diri-diri yanacaqdılar”.

Səbuhi Rəhimov uşaqlıqda valideynlərindən aldığı tərbiyə və ona aşılanan xeyirxahlıq hisslərinin daim yaddaşına həkk olunduğunu və hadisə baş verən anda heç nə haqqında düşünmədən bu addımı atdığını deyib./AzərTAc/


Teqlər:





Xəbər lenti