“Həmsədrlər münaqişənin həllində maraqlı deyil”- İran səfiri

“Həmsədrlər münaqişənin həllində maraqlı deyil”- İran səfiri
  26 May 2014    Oxunub:853
Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli İranın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İran Xarici İşlər Nazirliyinin Təbriz şəhərindəki nümayəndəliyində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgənin təhlükəsizliyinin təmini İran üçün son dərəcə vacibdir: “Ona görə də rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərir. Çünki bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir. Bakı və İrəvan arasında qarşıdurma hər iki ölkənin xeyrinə deyil. Əlbəttə, belə bir münaqişəli vəziyyətin İran üçün də heç bir faydası yoxdur”.

Səfir İranın vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etdiyini də xatırladıb: “Ancaq hazırda hər iki tərəfin bu məsələni ATƏT-in Minsk qrupu çərçivəsində həll etməyə çalışdıqları görünür. ATƏT-in Minsk qrupu isə 20 ildir fəaliyyət göstərsə də, münaqişənin həlli üçün heç bir addım atmayıb. Halbuki ATƏT-in Minsk qrupu hər iki münaqişə tərəfini bir il müddətində barışdırmaq üçün yaradılmışdı. Əslində, ATƏT-in Minsk qrupunun bölgədən kənarda yerləşən üzv ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər maraqlı deyil. Çünki onlar üçün qlobal mövzular daha əhəmiyyətli məsələlərdir”.(apa)


Teqlər:  





Xəbər lenti