Zibildən düzəldilən sənət əsərləri - FOTOLAR

Zibildən düzəldilən sənət əsərləri - FOTOLAR
  26 May 2014    Oxunub:1951
Bakıda tullantılardan hazrılanmış incəsənət nümunələrinin beynəlxalq sərgisi keçiriləcək.
İnsanların “zibil” deyə atdıqları əşyalardan və onların parçalarından sənət əsərləri hazırlanacaq. Həmin incəsənət nümunələri 31 maydan 3 iyunadək Bakının Qala qəsəbəsində III Beynəlxalq “Tullantıdan sənətə” sərgisində nümayiş olunacaq.
Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “QGallery” incəsənət qalereyasının dəstəyi ilə keçiriləcək.

Sərgidə Azərbaycan ilə yanaşı, Böyük Britaniya, Hollandiya, İspaniya, Türkiyə, Çexiya, ABŞ, Kuba, Kolumbiya, Yaponiya, Avstraliyadan gələn sənətkarların işləri nümayiş olunacaq. Rəssamlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat verərək onların sənət əsərinə çevrilməsini nümayiş etdirəcəklər.
Sərginin məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini xatırlatmaq, planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Sərgidə sənətkarlar tullantılardan incəsənət əsərləri hazırlamaqla ictimaiyyətin diqqətini tullantıların təsirindən yaranan ekoloji problemlərə yönəltməyə çalışacaqlar.

“Tullantıdan sənətə” beynəlxalq sərgisi artıq 3-cü ildir ki, keçirilir. 2012-ci ildə keçirilən ilk sərgidə Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus və digər ölkələrdən olan sənətkarlar iştirak etmişdilər. Ötən il keçirilən ikinci sərginin qonaqları isə Fransa, İtaliya, Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiya kimi ölkələrdən olan rəssamlar olmuşlar.

Sərginin 3 il davamlı olaraq Qala qəsəbəsində keçirilməsi təsadüfi deyil. Belə ki, "Təmiz Şəhər" ASC 2010-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində tullantıların idarəolunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihə həyata keçirir. Layihəyə uyğun olaraq, Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və utilizasiyasını təşkil edilir.












Teqlər:





Xəbər lenti