`Azərbaycan dövləti vətəndaşının arxasında dayanır` - İlham Əliyev

`Azərbaycan dövləti vətəndaşının arxasında dayanır` - İlham Əliyev
  28 May 2014    Oxunub:1287
Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

- Hörmətli xanımlar və cənablar. Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn
Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram", - Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb: `Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir`.

Prezident deyib ki, o illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı. Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu.

- Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz Sovet İttifaqı tərkibində yaşamışıq. Əlbəttə, xalqımız o illərdə inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı qeyd edib ki, ikinci şans bizə 1991-ci ildə nəsib oldu:

- Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi.

Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.

Prezident İlham Əliyev qeyd edib ki, ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur.

"Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi sistemin formalaşmasında da yenə də Ulu Öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynamışdır.

Azərbaycanda siyasi islahatlar aparılmağa başlanmışdır. Dünyaya inteqrasiya dövrü başlanmışdır. Azərbaycanı dünyada tanımağa başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu Öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini vermişdir. İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı. Milli ideologiyamız məhz o illərdə yaradılmışdır, - bu gün də bizim inkişafımız üçün bu, əsasdır, - dövlətçiliyin əsasları qoyulmuşdur və əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanmışdır.

- Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki son on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur. Son on il ərzində biz islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək, Azərbaycan cəmiyyətində həmrəylik hisslərini gücləndirərək böyük və uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə qoyulmuşdur. Müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulmuşdur. Biz bu gün beynəlxalq arenada söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə, həm dünyada bizə əlavə hörmət qazandırır, - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz vardır. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və bizim addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik.

`Nədir müstəqilliyimizi şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir.

Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında bir daha öz fikirlərimizi ifadə edirik. Əslində bizim gələcək fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır. Biz istər xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq bir neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək istəyirəm. Daxili siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur.

Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır.

Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər - bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir. Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq. Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir.

Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik. Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərlik ruhunda tərbiyə almaq üçün bütün imkanlar vardır. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən cəhətlərdən biridir", - dövlət başçısı qeyd edib.

- Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq. - Prezident İlham Əliyev qeyd edib.




Teqlər:  





Xəbər lenti