Abbas Abbasov üçün tarix dərsi

Abbas Abbasov üçün tarix dərsi
  28 May 2014    Oxunub:3276
Baş nazirin keçmiş I müavini, Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin (“AzerRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Moskvada “Azərbaycanlıların Rusiya tarixində rolu” adlı elmi konfransda çıxış edib.

O, çıxışında deyib ki, `Azərbaycanın könüllü şəkildə Rusiyanın tərkibinə daxil olması iki mədəniyyətin bir-birini zənginləşdirməsinə səbəb olub`.

Buradaca saxlayaq. `Azərbaycanın könüllü şəkildə Rusiyanın tərkibinə daxil olması` nə deməkdir? Doğrudanmı, Mr. Abbasov ömründə bircə dəfə də olsun Azərbaycanın tarix kitablarını əlinə almayıb və əvvəlcə XIX, sonra XX əsrlərdə Azərbaycanın iki dəfə Rusiya tərəfindən necə işğal olunmasından xəbəri yoxdur?

Doğrudanmı Abbas Abbasov Sisianovun Güney Qafqaza yürüşündən xəbərsizdir, Cavad xanın ruslarla döyüşərkən qala bürcündə qəhrəmancasına həlak olması haqqında heç nə eşitməyib, İbrahimxəlil xanın bütün ailəsinin mayor Lisaneviçin əmrilə necə doğrandığından xəbəri yoxdur, Car­Balakən müqavimətindən məlumatsızdır?

Bir tarixi epizod:

`...Gəncə işğal edildikdən sonra qalanın müdafiəçiləri arasında olan Cavad xanın arvadı Bəyimxanım ərinin və oğlunun meyitlərini döyüş yerindən saraya gətirilməsinə nail olmuşdu. Bu zaman Sisianov ağlaşma səsinə xanın cənazəsi olan otağa gəldi. Sisianovu görən Bəyimxanım onu qılıncla öldürməyə cəhd göstərdi. Bu hadisənin şahidi olan bir rus generalı yazırdı ki, "Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o qəhrəman tatar (azərbaycanlı-red.) xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. O nə ərinin, nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray adamları idilər... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan­başa qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı...`

Budurmu `Azərbaycanın Rusiyaya könüllü birləşməsi`?

Doğrudanmı Abbas Abbasov Azərbaycan uğrunda gedən Rus-İran savaşlarından xəbərsizdir? O savaş ki, hər iki tərəfdən ədalətsiz idi, çünki özgə torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi. Və İranı İngiltərə qızışdırırdı. Amma İranla bərabər, Rusiya Azərbaycan xanlıqlarına qarşı da müharibəni davam etdirir, onların ərazisini işğal edirdi.



1806-cı ildə general Bulqakovun Bakını, ardınca Qubanı tutmasını keçmiş nazir müavini heç yerdən oxumayıbmı?

Və nəhayət, 1812-ci ildə imzalanan Gülüstan müqaviləsi haqqında eşitməyən azərbaycanlı varmı?

Napoleonun məşhur Rusiya yürüşünün başlanmasından istifadə etməyə çalışan Abbas Mirzə Qarabağa girir, lakin general Kotlyarevski onu geri oturdur. Həmin ilin avqustunda 10 min nəfərlik İran dəstəsi fransız polkovniki Druvilin komandanlığı altında Talış xanlığına basqın edərək, Lənkəran qalasını tutur. Bunun ardınca 4 minlik İran qoşunu Şəki xanlığına hücum edir. Lakin oktyabrın 19-dan 20-ə keçən gecə general Kotlyarevski 2 min nəfərlik ordu ilə Aslanduz təpəsində Abbas Mirzənin böyük ordusuna hücum edib, tam qələbə qazanır. 1813-cü il yanvarın 1-də Lənkəran qalası ruslar tərəfindən hücumla alındı.

Belə bir şəraitdə ingilis məsləhətçiləri rus qüvvələrinin İranın içərilərinə doğru irəliləməsindən qorxuya düşərək, şahı sülh bağlamağa təhrik etdilər. 1813-ci il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalanır.

Gülüstan sülhünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatıldı. Bununla vahid Azərbaycan iki yerə bölündü. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına və Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. İrəvan və Naxçıvan xanlıqları hələlik şahın hakimiyyəti altında qalırdı. Xəzər dənizində yalnız Rusiya hərbi donanma saxlaya bilərdi.

1826-cı ilin əvvəlində Şah sarayı Rusiyada dekabristlərin üsyanı xəbərini alanda qısas üçün həvəslənir və iyulda 60 minlik ordu ilə Azərbaycanın Şimal torpaqlarına soxulur. Bu dəfə I Nikolay general Paskeviçi Azərbaycana göndərir. Sentyabrın 3-də Şəmkir yaxınlığındakı döyüşdə İran qoşunları ağır məğlubiyyətə uğrayır. Daha sonra ruslar Cənuba doğru irəliləyərək, Əhəri tutdular, oktyabrın 13-də Təbrizə daxil olular, az sonra Urmiyya və Ərdəbili ələ keçirdilər... Qorxuya düşən Şah İranı danışıqlara girməyə tələsir. Təbrizdən bir qədər cənubda olan Türkmənçay kəndində, 1828-ci il fevralın 10-da İranla Rusiya arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, çar qoşunları Azərbaycanın cənub torpaqlarından çıxırdı, yenicə tutulmuş İrəvan və Naxçıvan xanlıqları isə Rusiyanın tərkibinə qatıldı.



İran şah hökuməti bu müqavilə ilə Şimal xanlıqlarının Rusiya tərəfindən zəbtini təsdiq etdi. Şimali Azərbaycanın işğalı nəticəsində Azərbaycan xalqının iki hissəyə bölünməsi kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü, bir-birindən fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu.

İşğal nəticəsində Azərbaycan çar Rusiyasının xammal bazasına və satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə, o demək idi ki, ölkə yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli idi. Yəni Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi.

Görürünr, Abbas Abbasov heç vaxt Azərbaycan tarixini oxumayıb. Ya da rusların və ya ermənilərin yazdığı kitablardan oxuyub. Əks halda, Azərbaycanda hər bir məktəblinin bildiyi həqiqətlər ona məlum olardı. Ya bəlkə məlumdur, sadəcə, qəsdən onları təhrif edir ki, ağalarının xoşuna gəlsin?

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti