Azərbaycan Aİİ-yə daxil olmağa hazırlaşırmı? – Rusiyadan baxış

   Azərbaycan Aİİ-yə daxil olmağa hazırlaşırmı? –    Rusiyadan baxış
  26 May 2023    Oxunub:3660
Azərbaycan ilk dəfə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etməsi nə deməkdir?
İqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko AzVision.az üçün yazdığı məqalədə məsələyə baxışlarını açıqlayıb.
(Məqalənin rus versiyasını buradan oxuya bilərsiniz)
Azərbaycanın Avrasiya məkanında inteqrasiya proseslərinə münasibəti həmişə ikili olub. Bakı bir tərəfdən postsovet respublikalarının iqtisadi inteqrasiyasının fundamental və ümumilikdə müsbət xarakterini inkar etmir. Bu inteqrasiya tarixi bünövrəyə və sovet dövründə yaradılmış qarşılıqlı iqtisadi asılılığa əsaslanır.

Digər tərəfdən, Azərbaycan üçün əsas çağırışlar uzun müddətdir ki, təhlükəsizlik sahəsindədir, ona görə də ticarət, investisiya, nəqliyyat dəhlizləri, vahid əmək bazarı məsələləri Bakının prioritet saydığı silahlı qüvvələrin inkişafı və diplomatik münasibətlərin qurulması problemlərinin, dövlətin ərazi bütövlüyünün bərpası maraqları naminə ittifaqlar qurulması məsələlərinin kölgəsində qalıb.

Ərazi bütövlüyü bərpa edildikdən sonra bu gün Azərbaycanın qarşısında yeni inkişaf imkanları açılır. Planetin enerji bazarının əsas oyunçularından olan Bakı qlobal enerji alyanslarının formalaşmasında və kontinental miqyasda iri nəqliyyat və logistika layihələrinin reallaşmasında iştirak edir. Lakin milli iqtisadiyyatın inkişaf maraqları təkcə ixracyönümlü xammal sahələrinin deyil, həm də yerli sənaye istehsalının inkişaf etdirilməsini, iqtisadiyyatın aqrar sektorunun ehtiyatlarından istifadəni, xidmət sektorunun artımının sürətləndirilməsini tələb edir. Turizm, informasiya və kommunikasiya texnologiyaları sənayesi, Rusiyadan İran və Hindistana marşrutların kəsişməsində nəqliyyat və logistika qovşağının tikintisi, eləcə də Avrasiyanın Şərqi və Qərbi arasında sürətlə artan trafik (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) də buna daxildir.

Yuxarıda qeyd olunan amilləri nəzərə alsaq, etiraf etmək lazımdır ki, Azərbaycanın sürət qazanan Aİİ formatında inteqrasiya layihəsinə münasibəti qeyri-müəyyən olaraq qalır və bunun cavabı yalnız Bakının dövlət idarələrinə məlumdur. Bakının Aİİ-yə üzvlük məsələsi ilə bağlı diplomatik xəttini izah etmək üçün şansları təxminən bərabər olan iki fərziyyə irəli sürə bilərik.

Ola bilsin ki, Azərbaycan üçün xarici siyasət strategiyası modeli örnəyi Avropa İttifaqı ilə iqtisadi münasibətlərdə faktiki olaraq bütün maneələri aradan qaldıran, amma müxtəlif öhdəliklərlə əl-qolunu bağlamaqdan yayınan tamhüquqlu üzv dövlət olan Norveçdir.
Həqiqətən də, bu gün Azərbaycan Aİİ və onun ən böyük iştirakçısı olan Rusiya ilə ticarət-iqtisadi münasibətlərin elə liberal səviyyəsinə nail olub ki, onlar arasında ticarətin inkişafı üçün praktiki olaraq heç bir maneə yoxdur.

Digər tərəfdən, Ermənistanın orada olması səbəbindən Azərbaycan Aİİ-yə qoşulmağa tələsməməsi onun girişini əngəlləyə və ya qurumun inteqrasiya təşəbbüslərinin imkanlarından tam istifadə etməsinə maneələr yarada bilər. Bununla belə, iki dövlət arasında nəzərdə tutulan sülh sazişi bu maneəni aradan qaldıra və üzvlük yolunu aça bilər.

Aİİ-yə üzvlüklə bağlı siyasətini müəyyənləşdirərkən Bakının hansı motivləri rəhbər tutub-tutmamasından asılı olmayaraq, ekspertlər və siyasətçilər tərəfindən həmişə adekvat qiymətləndirilməyən bir neçə amili nəzərə almaq lazımdır.

Birincisi, Aİİ layihəsi sırf iqtisadi xarakter daşıyır və üzv dövlətlərin milli iqtisadiyyatı idarə etməsiylə bağlı suveren səlahiyyətlərinə müdaxilə etmir. Aİİ beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmir, ümumi parlamenti yoxdur. Əsas qərarlar konsensusla qəbul edilir, miqyasından asılı olmayaraq bütün dövlətlər idarəetmə orqanlarında bərabər şəkildə təmsil olunurlar. Əslində, struktur və səlahiyyətlərinə görə üzv dövlətlərin suveren hüquqlarının bu qədər effektiv şəkildə qorunmasında Aİİ ilə müqayisə edilə biləcək inteqrasiya birliyi dünyada sadəcə olaraq yoxdur.

İkincisi, Bakının inteqrasiya layihələrindən olan “parlaq enerji izolyasiyası” onu qlobal səviyyədə inkişaf edən meqaregionların formalaşması proseslərindən kənarda qoyur. ABŞ mərkəzli qloballaşmanın indiki çöküşü bir sıra regional ticarət və iqtisadi blokları (meqa-regionlar) formalaşdıran qüvvələri hərəkətə gətirdi. Onların çərçivəsində gömrük ittifaqları, regional valyutalar və unikal texnoloji platformalarla “mini-qloballaşmalar” yaranacaq və dəstəklənəcək.

Əbədi neytral İsveçrə və ya Ərəb Əmirlikləri nümunəsindən ilhamlanaraq, planetin bütün dövlətləri ilə eyni vaxtda dost olmağa çalışan bir neçə dövlət bu strukturdan kənarda qalmaq istəyəcək. Ancaq uğur qazanacaqları dəqiq deyil. Artıq görürük ki, Vaşinqtonun təzyiqi altında İsveçrə öz bitərəfliyindən əl çəkərək, Ukraynaya silah verməyə başlayıb, BƏƏ isə Amerika emissarlarının İran, Rusiya və bir sıra digər dövlətlərə birtərəfli qaydada tətbiq etdiyi bəzi sanksiyalara əməl etməyə məcbur olub.

Üçüncüsü, Aİİ dünyanın digər yerlərindəki dövlətlərin diqqətini getdikcə daha çox cəlb edir. İran, Kuba, Özbəkistan, Tacikistan və Serbiya artıq onunla əlaqələri mümkün üzvlüyə qədər genişləndirməyə hazır olduqlarını bildiriblər. Digər dövlətlərin də qoşulacağı ittifaqın astanasında dayanmaq öz iqtisadiyyatı bahasına başa gələn səhv ola bilər.

İndi Azərbaycan üçün “Aİİ-yə üzv olmamağın” dəyəri o qədər də yüksək görünmür. Amma gələcəkdə bu arta və onda bu təşkilata üzv olmaqla bağlı məntiqi qərar reallığa çevrilə bilər.


Stanislav Tkaçenko
İqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:





Xəbər lenti