Tanınmış gürcü şair Azərbaycandan üzr istədi

Tanınmış gürcü şair Azərbaycandan üzr istədi
  30 May 2014    Oxunub:1121
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstanın Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib.

XİN rəsmisi bildirib ki, müraciətində Makvala Qonaşvili 2012-ci ilin 16-18 oktyabr tarixlərində “Beynəlxalq poeziya festivalı”nda iştirak etmək üçün Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə etdiyi qanunsuz səfərin Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək məqsədi daşımadığını bildirib, Azərbaycan xalqına olan məhəbbət və isti dost hisslərini dəfələrlə isbat etməyə çalışdığını vurğulayıb və bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib.

Həmçinin Makvala Qonaşvili müraciətində atdığı addımın düşünülməmiş olduğunu bildirib və bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davrancağına öhdəlik götürdüyünü qeyd edib. O, azərbaycanlı həmkarları ilə ünsiyyəti yalnız Gürcüstanda deyil, həm də Azərbaycanda davam etdirməsi üçün imkan yaradılmasını və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasını xahiş edib.

AzVision.az


Teqlər:





Xəbər lenti