Mehriban Əliyeva və qızları sərgidə - FOTOLAR

Mehriban Əliyeva və qızları sərgidə - FOTOLAR
  30 May 2014    Oxunub:7717
Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi ilə tanış olublar.

Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olub, rəssamlarla fikir mübadiləsi aparıb və sərginin işinə uğurlar arzulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə keçirilən sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdirilir.

Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilir.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.

Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.

Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtlı-vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılıb.

İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən - Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaqdır.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin düşərgəsi ilə tanış olublar.

“Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar işləyib hazırlayıb. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, milli mənəvi dəyərlərimiz, tətbiqi incəsənət növləri, xalq mahnıları və rəqslər, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva “Qala festivalı” çərçivəsində təşkil olunmuş düşərgələrdə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, o cümlədən burada yerləşən orta əsrlər dulusçuluq həyətində, arxeoloji qalereyada, XIX əsrə aid ikimərtəbəli evdə, gül və ərzaq bazarında, musiqi meydançasında olublar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva festivalda iştirak edən uşaqlarla ünsiyyətdə olmuş, onlarla xatirə şəkilləri çəkdiriblər.

Qalereya




Teqlər:  





Xəbər lenti