İranlı reper Tomaj Salehinin “məhkəməsi” keçirilib
Reper müğənni Tomaj Salehi ötən il oktyabrın sonunda Çaharmahal və Bəxtiyari əyalətlərinin Gərdbişə kəndində ümummilli etirazlar zamanı həbs olunub. İsfahanın Şahinşəhr şəhərindən olan Salehi, həbsə qədər gizli şəraitda yaşayaraq, xalqa dəstək üçün çoxlu mesajlar dərc edib.
Həbsindən uzun müddət sonra ona vəkil təyin edilən Əmir Rəisiyan əvvəlcə müvəkkilinin dosyesinin dörd cildindən yalnız birinə çıxışı olduğunu bildirib.
Vəkilin sözlərinə görə, Salehi “yer üzərində fəsad, rejim əleyhinə təbliğat, düşmən hökumətlə əməkdaşlıq, insanları öldürməyə və iğtişaşlara dəvət etmək və həmçinin rəhbərliyi təhqir etmək” ittihamları ilə üzləşib. İranın cinayət qanunlarına görə, “yer üzündə fəsad” və “müharibə” kimi ittihamlar 33 yaşlı Tomaj Salehi üçün ölüm hökmü ilə nəticələnə bilər.
Qeyd edək ki, İranın müxtəlif şəhərlərində 9 ay əvvəl başlayan və müxtəlif formalarda hələ də davam edən “Qadın Həyat Azadlıq” etiraz aksiyaları zamanı minlərlə insan həbs olunub.
Eyni zamanda, təhlükəsizlik qüvvələrinin zorakı repressiyaları gənc və qoca, kişi və qadın olmaqla 500-dən çox etirazçının həyatına son qoyub. İndiyədək yeddi gənc etirazçı barəsində isə edam hökmü icra olunub.
AzVision.az