İran Rusiya ilə polis və təhlükəsizlik əməkdaşlığını genişləndirir

İran Rusiya ilə polis və təhlükəsizlik əməkdaşlığını genişləndirir
  28 İyun 2023    Oxunub:947
Rusiyanın İranla müttəfiqülik əlaqələri Qərblə qarşıdurma kontekstində son vaxtlar daha da genişləndirilir. Hərbi-texniki sahədəki əməkdaşlıq artıq ölkədaxili təhlükəsizlik məsələlərinə də şamil olunmağa başlayıb.

AzVision.az bildirir ki, İbrahim Rəisinin Vladimir Putinlə telefon danışığında “İranın Rusiya rəhbərliyinə tam dəstəyini” elan etməsindən sonra, İranın polis qüvəllərinin baş komandanı Əhmədrza Radan “ikitərəfli polis əməkdaşlığını inkişaf etdirmək” məqsədi ilə Rusiyaya səfər gedir.

İran hökumətinin mətbu orqanlarının verdiyi bu xəbərdə səfərin dəqiq vaxtı açıqlanmasa da, SEPAH-a bağlı “Tasnim” agentliyinin məlumatına görə, Əhmədrza Radanın başçılığı altında İranın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmilərindən ibarət nümayəndə heyətinin Moskvaya səfəri Rusiya tərəfinin rəsmi dəvəti ilə baş tutub.

Səfər çərçivəsində Radan Rusiya polisinin mütəşəkkil cinayətkarlıqla mübarizədə imkanları ilə tanış olacaq, Rusiya polisi ilə əməkdaşlığın genişləndirilməsi üçün məsləhətləşmələr də aparacaq.

Həmçinin, Əhmədrza Radanın polis əməkdaşlığının inkişafı üçün danışıqlar aparacağı, terrorizm, insan alveri, narkotik və elmi əməkdaşlıq sahəsində ikitərəfli polis əməkdaşlığı, polis araşdırmaları mövzusunda Rusiya rəsmiləri ilə bir neçə anlaşma memorandumu imzalayacağı bildirilir.
AzVision.az



Teqlər: Rusiya   İran  





Xəbər lenti