"Quran"ın yandırılmasına etiraz edənlər Bağdadda İsveç səfirliyinə soxulublar

   "Quran"ın yandırılmasına etiraz edənlər Bağdadda İsveç səfirliyinə soxulublar
  29 İyun 2023    Oxunub:1129
Stokholmda müsəlmanların müqəddəs kitab - "Quran"ın nüsxəsinin yandırılmasına etiraz edən bir qrup iraqlı bu gün İsveçin Bağdaddakı səfirliyinin ərazisinə soxulub.
AzVision.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Qeyd edilib ki, İsveçin diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb. Bir müddət əvvəl bir qrup etirazçı Bağdadın mərkəzi hissəsində yerləşən “darvazasını sındıraraq İsveç səfirliyinin ərazisinə daxil ola bilib”. Diplomatik missiyaya dəyə biləcək zərər barədə məlumat yoxdur.

"Al Sumria" telekanalının məlumatına görə, səfirliyin ərazisinə daxil olan şəxslər artıq oranı tərk ediblər. Etiraz piketinə qatılan digər iraqlılar da binanı tərk edirlər. Bildirilir ki, iştirakçılar İslam ziyarətgahlarından birinin təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında keçirilib. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika "Quran"ın səhifələrini qopararaq yandırıb. Həmin gün bütün dünya müsəlmanları əsas dini bayramlardan biri olan Qurban bayramını qeyd ediblər. Bundan əlavə, çərşənbə günü 1,8 milyondan çox müsəlman Həcc ziyarətini - Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslamın müqəddəs yerlərinə ziyarəti başa vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti