Qrossi: İranla tənzimləmə sazişləri “çox ləng” icra olunur

 Qrossi:  İranla tənzimləmə sazişləri “çox ləng” icra olunur
  01 İyul 2023    Oxunub:1370
Tehranın nüvə proqramı ilə bağlı agentliyin monitorinq imkanlarının artırılmasına dair ötən mart ayında MAQATE-nin baş direktorunun İranın səlahiyyətliləri ilə əldə etdiyi razılaşma "çox yavaş" irəliləyir.
AzVision.az xəbər verir ki, Beynəlxalq Atom enerjisi agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi “France 24” telekanalına müsahibəsində bu razılaşmanın israsının çox məhdud şəkildə aparıldığından narazılığını bildirib.

“İranın nüvə proqramının monitorinqinin artırılmasına dair razılaşmanın icrası istənilən sürətlə getmir, əksinə, çox, çox dağınıq, başqa sözlə, çox məhdud şəkildə həyata keçirilir. Bu sazişin ləng yerinə yetirilməsi İranın yüksək konsentrasiyalı uran ehtiyatlarını artırmağa davam etməsi ilə bağlıdır. Biz İran və ABŞ arasında istənilən razılaşmanı alqışlayırıq, lakin nəticə İranın nüvə proqramını və MAQATE-nin texniki yoxlamalarını aydınlaşdırmağa kömək etməlidir”, - Qrossi deyib.

Tehran iki ildən artıqdır ki, agentliyə nüvə obyektlərində quraşdırılmış kameraların məlumatlarına daxil olmağa icazə vermir və JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) bərpa olunana, sanksiyalar aradan qaldırılmayana qədər bu məlumatları çatdırmayacağı ilə hədələyir.

İran həmçinin ötən ilin yayında agentliyin Tehran və İsfahan obyektlərindəki 29 kamerasının söndürüldüyünü elan edib. Lakin İranın Atom enerjisi təşkilatının sözçüsü bu ayın ortalarında İsfahanın sənaye obyektlərində sökülən on kameranın yenidən işə salındığını, lakin agentliyin kameraların məlumatlarına çıxışına icazə verilmədiyini açıqlayıb.

Halbuki, bu ilin mart ayında Rafael Qrossinin Tehrana səfəri zamanı Tehranın nüvə proqramının aydınlaşdırılması və əməkdaşlığın genişləndirilməsi üçün əldə olunan razılaşmaya əsasən, İranın bəzi nüvə fəaliyyətləri məhdudlaşdırılmalı və agentliyə daha çox monitorinq vasitələri verilməli idi.

Qeyd edək ki, JCPOA sazişinə əsasən, İrana yalnız 202,8 kq 3,5% zənginləşdirilmiş uran ehtiyatına malik olmağa icazə verilmişdi. Amma indi o, nəinki 20% zənginləşdirilmiş uran istehsal edir, hətta ölkənin 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı da 114 kq-dan çoxdur ki, bu da fevral ayı ilə müqayisədə 27 kq artıqdır.
AzVision.az


Teqlər: MAQATE   İran  





Xəbər lenti