İranın Pakistanla ticarət dövriyyəsinin həcmi artacaq

İranın Pakistanla ticarət dövriyyəsinin həcmi artacaq
  03 İyul 2023    Oxunub:1113
Neft və neft məhsullarının, habelə digər malların Pakistan malları ilə barterinin həcminin artırılması barədə danışıqıları yekunlaşdırmaq üçün İranın nümayəndə heyəti tezliklə İslamabada səfər edəcək.
AzVision.az İranın Ticarət inkişafı təşkilatının Cənubi Asiya üzrə baş direktoru Hadi Talebiyana istinadən xəbər verir ki, İranın Pakistan üçün ixrac üstünlüyü neft məhsulları, quru mallar, maşın və tikinti materiallarıdır. Bunun müqabilində isə İrana paltar kimi mallar idxal olunacaq.

İran-Pakistan barter ticarəti uzun müddətdir ki, davam edir. Tehranın Pakistana neft-kimya və neft məhsulları ixracı müqabilində İslamabad İrana düyü ixracına fokuslanıb. İranın Ticarət palatasının statistikasına görə, İran keçən il Pakistandan 841 milyon dollarlıq mal idxal edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Lakin ikitrəfli mübadilədə İran müsbət saldoya malikdir. Belə ki, İranın Pakistana ixracı 15% artaraq bir milyard 488 milyon dollara çatıb. Məhz bu baxımdan da, İran Pakistanla malların klirinq müqaviləsini yekunlaşdırmağa çalışır.

Hazırda İranın Pakistana ixracının əsas hissəsini bitum, müxtəlif qazlar və quru süd təşkil edir, Pakistandan idxal olunan əsas mallar isə düyü, küncüt və parçadır.

İran ABŞ-ın sanksiyalarına və eləcə də FATF-ın (çirkli pulların yuyulmasına qarşı təşkilat) qara siyahısında olduğuna görə, beynəlxalq maliyyə sistemindən kənarda qalıb. Bu baxımdan, ölkənin ixracının böyük hissəsi Çin yuanı, BƏƏ dirhəmi, türk lirəsi və rus rublu kimi valyutalarla həyata keçirilir. Ölkə ixracının mühüm hissəsi, o cümlədən neft və neft məhsulları həm də barter üsulu ilə xarici mallara dəyişdirilir.
AzVision.az





Teqlər: Pakistan   İran  





Xəbər lenti