Oqtay Əsədov prezidentlə görüşdü

Oqtay Əsədov prezidentlə görüşdü
  02 İyun 2014    Oxunub:827
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter ilə görüşüb.

Oqtay Əsədov Azərbaycan-İsveçrə əlaqələrindən, ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığından danışıb. Azərbaycanda 40-a yaxın İsveçrə şirkəti fəaliyyət göstərdiyi və bu şirkətlərin böyük əksəriyyətinin qeyri-neft sektorunda çalışdığı qeyd olunub.

Milli Məclisin sədri Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əlaqələrin mühüm rol oynadığını vurğulayıb. Oqtay Əsədov bu səfərin əlaqələrimizin inkişafına yeni təkan verəcəyini deyib.

Azərbaycan-İsveçrə siyasi, iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, indiyədək ölkələrimiz arasında əməkdaşlığa dair 26 sənəd imzalanıb və 7 sənəd imzalanma ərəfəsindədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov bildirib ki, ATƏT-in Minsk qrupu problemin həlli ilə məşğul olsa da hələ ki, bu istiqamətdə heç bir nəticə yoxdur.

Prezident Didye Burkhalter Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Azərbaycana eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri kimi səfərə gəldiyini deyən ali qonaq Prezident İlham Əliyev ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş fikir mübadiləsinin aparıldığını bildirib.

Prezident Didye Burkhalter növbəti iki gün ərzində Gürcüstanda və Ermənistanda olacağını və bu səfərlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini intensivləşdirməyə töhfə verəcəyinə ümidvar olduğunu deyib.(azərtac)



Teqlər:  





Xəbər lenti