Peskov: "Türkiyəni Avropada görmək istəmirlər"

      Peskov:    "Türkiyəni Avropada görmək istəmirlər"
  11 İyul 2023    Oxunub:923
"Türkiyəni Avropada görmək istəmirlər, bu baxımdan Ankara çəhrayı eynəyini çıxarmalıdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Türkiyə özünü Qərbə istiqamətləndirə bilər. Biz bilirik ki, Türkiyə Cümhuriyyətinin tarixində Qərbə doğru intensiv oriyentasiya dövrləri kimi, daha az istiqamətləndiyi dövlər də olub. Amma biz onu da bilirik ki, heç kim Türkiyəni Avropada görmək istəmir, avropalıları nəzərdə tuturam. Türk qardaşlarımız çəhrayı eynək taxmamalıdır, hər şeyi öz dilində deməliyik", - sözçü rusiyalı jurnalistlərə deyib.

İsveçin NATO-ya daxil olmasına Ankaranın dəstəyindən danışan Peskov bildirib ki, Türkiyə alyansın üzvüdür və bununla bağlı öhdəlikləri var.
"Türkiyə Şimali Atlantika Alyansının üzvüdür, Türkiyənin öhdəlikləri var. Türkiyə öz öhdəliklərinə sadiqdir - bu, bizim üçün heç vaxt sirr olmayıb. Bu baxımdan, biz heç vaxt çəhrayı eynək taxmamışıq”, - deyə o bildirib.

Peskovun sözlərinə görə, Rusiya Federasiyası ilə Türkiyə arasında fikir ayrılıqları var və Kreml bunları gizlətmir.
"Münasibətlərin iki ölkəmizin maraqlarına tamamilə uyğun gələn, sizin üçün və Türkiyə tərəfinin özü üçün də əhəmiyyətli olan hissəsi də var", - Rusiya prezidentinin mətbuat katibi izah edib.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini Türkiyə parlamentində ratifikasiya etmək üçün sənədləri “mümkün qədər tez” göndərməyə razılaşıb. Lakin Stoltenberq konkret tarixlər qeyd etməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti