Əbülfəs Qarayevin müavinləri – Onları siz də tanıyın!

Əbülfəs Qarayevin müavinləri – Onları siz də tanıyın!
  03 İyun 2014    Oxunub:13170
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müavinlərindən bəhs edəcəyik. 2006-cı ildən nazir postunu tutan Qarayevin cəmi 4 müavini var. Onları tanıyaq:

Sumqayıtın keçmiş icra başçısı



Mətbuatın yaxın tanıdığı Vaqif Əliyev nazirin I müavinidir. O, daha çox Sumqayıt şəhərinin icra başçısı olduğu dönəmdə populyarlıq qazanmışdı. V.Əliyev zəngin kariyeraya malik məmurlardandır.
Qeyd edək ki, Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləyib. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.

Fizika-riyaziyyat elmləri namizədidir.

İlin ən yaxşı tədqiqatçı alimi



Nazirin digər müavini Vəliyev Ədalət Məqsəd oğludur. O, 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1980-cı ildən başlayaraq respublikanın aparıcı teatrlarında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrlarına rəhbərlik edib.

1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin,2006-ci ildən Mədəniyyət və Turizm Nazirinin müavinidir.

2006-cı ildə "Azərbaycanda milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" kitabına görə Avropa nəşr və Mətbuat Evi tərəfindən "2006-cı ilin Ən Yaxşı tədqiqatçı alimi" adına layiq görülüb.

2011-ci ildə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına layiq görülüb.
Ailəlidir. İki övladı və iki nəvəsi var.

Nazirin xanım müavini



Ə.Qarayevin üçüncü müavini xanımdır. Sevda Yusif qızı Məmmədəliyeva 1946-cı ildə Bakı şəhərində akademik ailəsində anadan olub. O, Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb.

1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyib.

Fəlsəfə elmləri doktoru, professordur.

1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib.

1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir.

2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülüb.
2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni ilə təltif edilib.

Ailəlidir, bir oğlu var.

Müəllim işlədi, nazir müavini oldu



Səmədov Nazim Adil oğlu nazirin sonuncu müavinidir. O, 2 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakultəsinin bakalavr pilləsini, 2000 və 2001-ci illərdə Fransanın Strasburq II Universitetinin və Azərbaycan Dillər Universitetinin magistratura pilləsini və 2006-cı ildə Qərb Universitetinin beynəlxalq hüquq üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildə doktoranturaya qəbul edilib və 2007-ci ildə Strasburq II Universitetində elmi işini müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2000-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fransız dili müəllimi işləyib.

2004-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin böyük məsləhətçisi və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 2006-2011-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi sektorunun müdiri, daha sonra isə şöbə müdiri vəzifəsinə təyinat alıb.

2009-2011-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın katibi olub.

2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavinidir.

Ailəlidir, iki qızı və bir oğlu var.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti