Bakıdakı kütləvi dava iştirakçıları həbs edilir

Bakıdakı kütləvi dava iştirakçıları həbs edilir
  03 İyun 2014    Oxunub:1109
Bakıda baş verən kütləvi davaya görə saxlanılanların sayı 6 nəfərə çatıb.
AzVision.az-ın məlumatına görə, Trend xəbər verir ki, mayın 30-da axşam saatlarında Bakının Nərimanov rayonunda Təkrar qara metal yaşayış massivində ("Çermet" adlanan ərazi), 93 saylı orta məktəbin qarşısında kütləvi dava baş verib.

Şahidlərin dediyinə görə, davaya minik avtomobilinin sürücüsünün yolda avtoxuliqanlıq etməsi səbəb olub və buna etiraz edən qəsəbə sakinləri ilə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. Avtomobildəki şəxslər kömək üçün əraziyə 30-40 nəfər adam çağırıblar. Bundan sonra vəziyyət daha da pisləşib və yerli sakinlərlə "gəlmələr" arasında gərginlik pik həddə çatıb. Bu zaman naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Daha sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi tam nəzarətə götürülüb.

Maraqlısı budur ki, faktla bağlı heç bir araşdırma aparılmadan bəzi KİV-lərdə və sosial şəbəkələrdə bu hadisə şişirdilərək məmur övladlarının özbaşınalığı, qudurğanlığı kimi qələmə verilir, hüquq-mühafizə orqanları tərəfindən hadisəyə guya vaxtında reaksiya verilməməsi, məsələyə laqeyd, biganə münasibət göstərilməsi, onun araşdırılması marağında olmaması və məmur övladları qarşısında aciz olmaları barədə uydurma ittihamlar yer alır.

Halbuki adi xuliqanlıq zəminində baş verən bu hadisəyə hüquq-mühafiə orqanları tərəfindən dərhal operativ şəkildə reaksiya verilib və lazımi operativ tədbirlər görülüb. Belə ki, faktla bağlı elə həmin gün Nərimanov Rayon Polis İdarəsi (RPİ) tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və elə həmin gün 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ-nin 16-cı və 17-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Oqtay Muradovu, Nüşabə Hüseynovanı, Şəmistan Əhmədovu, İlqar Əhmədovu və Asif Qəniyevi xuliqanlıq zəminində döymüş Bakı şəhər sakinləri Ülvi Hüseynov, Tural Səfərov, Ağdam rayon sakini Elçin İbrahimov və Gəncə şəhər sakini Məmməd Əsgərov tutulub, digər iştirakçılar - "BMW" markalı avtomobilin sürücüsü Anar Əhmədov, "Mercedes" markalı avtomobilin sürücüsü Samir İsmayılov və sərnişini İlqar Səfərov müəyyən edilib.

İyunun 2-də isə Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Nərimanov rayonu ərazisində bir qrup şəxslə birlikdə xuliqanlıq hərəkətləri törədərək tapançadan atəş açmış Füzuli rayon sakini Vüsal Azadov tutulub. Ondan nömrəsiz "Makarov" markalı tapança götürülüb.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:





Xəbər lenti