İranın müxtəlif bölgələrində su qıtlığı böhranı dərinləşir
“Məlaşiyyə sakinləri bu ərazinin bəzi küçələrində suyun tamamilə kəsildiyini, bəzi yerlərdə isə gündə bir neçə saat su olduğunu bildirirlər. Neft quyularının yanında yerləşən Müslümiyyə və Qədir əs-Səba kəndlərində su 35 gün əvvəldən kəsilib və bu kəndlərin sakinləri su tankerlərini gözləməli olurlar. Ğeyzaniyyə rayonunun Şəymət kəndində su yoxdur. Qoyunlar üçün kanaldan su içməli və ya qışda yağış suyunu yığıb istifadə etməli olduğlarından sakinlərin bir çoxu kəndi tərk edib. Xuzistan əyalətinin bəzi kəndlərində də su iki gündən bir cəmi üç saat verilir”, - məlumatda deyilir.
Belə acınacaqlı vəziyyəti tənqid edən sayt xatırladıb ki, “Qədir” su təchizatı layihəsi on il əvvəl başlayıb və bir neçə dəfə geniş reklamlarla açılıb. Lakin Xuzistanın müxtəlif ərazilərində su qıtlığı problemini həll etməyib.
İLNA xəbər agentliyi isə Məşhəd Su və Kanalizasiya şirkətinin baş direktoruna istinadən şəhərdə “32% su çatışmazlığı” olduğunu və “təcili su təchizatı layihələrinin” planlaşdırıldığını bildirib.
İrandakı su böhranının səbəbi yalnız quraqlıq yox, həm də səmərəsiz idarəetmədir. Hökumət rəsmiləri illərdir ki, köhnəlmiş su şəbəkəsində içməli suyun 25%-nin itdiyini bildirirsələr də, problemin həlli üçün heç bir tədbir görmürlər.
İslam Şurasının araşdırma mərkəzinin məlumatına görə, İran əhalisinin yarıdan çoxu su böhranı ilə üzləşdiyi halda ölkədə təmizlənmiş suyun dörddə biri israf edilir.
AzVision.az