"FETÖ-nün qarşısının alınması böyük hadisə idi" - Emin Həsənli

"FETÖ-nün qarşısının alınması böyük hadisə idi" -    Emin Həsənli
  15 İyul 2023    Oxunub:1541
"Bu gün qardaş Türkiyə tarixində ən önəmli hadisələrdən biridir. Türkiyənin Cümhuriyyət tarixində bir neçə dəfə hərbi çevriliş olub. Xalqın seçdiyi hakimiyyət hərbçilər tərəfindən devrilib. Bu çevrilişlər Türkiyə iqtisadiyyatına, idarəetməsinə, demokratiyasına çox böyük zərbələr vurub. Lakin yeddi il bundan əvvəl Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə küçələrə çıxdı və seçdiyi hakimiyyəti, dövləti, demokratiyanı qorudu. Bunun çox böyük önəmi var. Bu bir daha onu sübut edir ki, xalqın seçdiyi və ona söykənən hakimiyyət uzunömürlüdür. Xalqla bir olan iqtidar hər zaman zəfər əldə edib".
Bu fikirlər “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənliyə məxsusdur. O xatırladıb ki, Azərbaycanda da ötən əsrin 90-cı illərin əvvəllərində çevrilişlər olmuşdu. Onların qarşısını Ümummilli Lider Heydər Əliyev qətiyyətlə aldı və Azərbaycanda çevrilişlərə son qoydu. Heydər Əliyev Naxçıvanda ilk dəfə Ali Məclis sədri olanda və sonra da Bakıda xalqı küçələrə çağırmışdı. Həm Naxçıvanda, həm Bakıda xalqın böyük əksəriyyəti Heydər Əliyevin çağırışına gələrək dövlətçiliyimizi qorudu.

Onun sözlərinə görə, 15 iyul Türkiyə Cümhuriyyətinin Demokratiya və Milli Birlik Günü Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri baxımından önəmlidir. Bu, Türkiyə tarixinin ən şanlı səhifələrindən biridir. Türkiyə xalqı qətiyyətlə demokratiyanı, xalqın seçdiyi hakimiyyəti qorudu, öz hakimiyyətinə sahib çıxdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra həm İstanbul, həm də Ankarada xalq gecə ilə küçələrə axışdı, 250-dən çox şəhid verərək qanları ilə Türkiyə demokratiyasını, cümhuriyyətini qorudu.

Türkiyədə FETÖ çevriliş etmək istəyirdi, Fətullah Gülən və onun orduda olan tərəfdarları böyük üsyan başlatdılar. Lakin ilk dəfə olaraq hakimiyyət çevrilişin qarşısını aldı və bu, böyük tarixi hadisə oldu. Azərbaycan dövləti də ilk anlardan Rəcəb Tayyib Ərdoğanı dəstəklədi, ölkəmizdə hərbiyönümlü təşkilatlar da həmin an səfirliyə yığışaraq Türkiyə Prezidentinə dəstəyini göstərdilər. Bu, çox böyük hadisədir, Türkiyənin inkişafı baxımından önəmlidir.

Türkiyə qısa zamanda böyük uğurlar əldə edib. Qüdrətli Türkiyə ordusunun müdafiə sənayesi potensialının 80 faizdən çoxu yerli istehsaldır. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə hərbi təchizatın 80 faizini özü təmin edir. Əgər Ərdoğan hakimiyyətə gələnə qədər bu 20 faiz idisə, indi 80 faizdən yuxarıdır. Türkiyənin dünyada nüfuzu artıb. Bu, çox böyük nailiyyətdir. Türkiyə dünyada – həm Balkanlarda, həm Şərqdə, həm Qafqazda, həm Orta Asiyada, Yaxın Şərqdə, həm də Afrikada böyük söz sahibinə çevrilib.

Emin Həsənli bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir. Hər iki ölkənin prezidentləri bu qardaşlığa çox böyük önəm verir. Bu qardaşlığın əsası Ulu Öndərin “Bir millət, iki dövlət” şüarı əsasında qoyulub. 44 günlük Vətən müharibəsində də, ən ağır günlərində - qardaş ölkədə meşə yanğınlarında, zəlzələ fəlakətlərində bütün Azərbaycan vətəndaşları da Türkiyənin yanında oldu. Bu hadisələr onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək və Türkiyəni heç kəs sarsıda bilməz. Xarici qüvvələrə arxalanan güclər çevriliş etməyə çalışsa da, onun qarşısı qətiyyətlə alındı və Türkiyəni müstəqil yolundan sarsıda bilmədi.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentinə təbrik məktubu göndərib və ürək sözlərini bildirib. Türkiyənin sevincinin bizim sevincimiz, kədərinin bizim kədərimiz, Türkiyənin qələbəsi bizim qələbəmiz olduğunu bir daha qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev daim bir-birini dəstəkləyib. Biz qardaş dövlətik və bütün sahədə əlaqələrimiz yüksəkdir. Bu önəmli gündə şəhidlərin əziz xatirəsini dərin hörmət hissi ilə anırıq və qazilərə uzun ömür, cansağlığı arzulayırıq. Türkiyə və Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ideyalarına əsaslanır”, - deyə İctimai Birliyin sədri bildirib.


Teqlər: Türkiyə  





Xəbər lenti