Prezident bp-nin baş direktorunu qəbul etdi

Prezident bp-nin baş direktorunu qəbul etdi
  03 İyun 2014    Oxunub:960
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirildiyi məmnunluqla qeyd olunub.

Bakıda keçirilən XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında dünyanın xeyli sayda ölkə və şirkətlərinin iştirakının önəmi vurğulandı, bu tədbirin Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığını daha da genişləndirməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ölkə başçısı daha sonra Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Böyük Britaniyanın Baş naziri Devid Kemeronun XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransına ünvanladığı məktuba görə təşəkkürünü bildirən Prezident İlham Əliyev məktubda ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrini, xüsusilə enerji sektorunu əhatə etməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi sahədə güclü tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayan dövlətimizin başçısı enerji sektorunda əməkdaşlığımızın uzun illər uğurla inkişaf etdiyini bildirib.

Prezident İlham Əliyev qeyri-energetika sahəsində əməkdaşlığımızın inkişafına toxunaraq, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Dövlət başçısı bu yaxınlarda Böyük Britaniyadan olan parlament nümayəndə heyəti ilə görüşü zamanı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa dair müzakirələrin aparıldığını vurğulayıb.

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Azərbaycan Prezidentinə XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransında Böyük Britaniya, xüsusilə bp haqqında fikirlərinə görə minnətdarlığını bildirdi, ölkəsinin Azərbaycan ilə əməkdaşlığı bir çox sahələrdə genişləndirməkdə maraqlı olduğunu deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti