Əmir Abdullahyan: Moskvanın izahatları yetərli deyil
“Biz İranın müstəqilliyi və ərazi bütövlüyü yolunda heç bir tərəflə güzəştə getmirik. Bu günlərdə diplomatik kanallar vasitəsilə Rusiya hakimiyyətindən izahat almışıq, lakin biz bunu yetərli hesab etmirik”, - Abdullahiyan deyib.
Abdullahiyan alınan izahatların təfərrüatlarını açıqlamasa da, görünür Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovun İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüşündə səsləndirdiyi məzmunu nəzərdə tutur.
“İRNA” agentliyi Rusiya tərəfinin İran səfiri ilə görüşdə üç ada ilə bağlı səhvini “düzəltdiyini” iddia etsə də, Rusiya Xarici İşlər nazirliyi bu barədə açıqlama verməyib. Yeri gəlmişkən, Rusiya mediasında da belə bir yanaşma öz əksini tapmayıb.
Üç ada ilə bağlı bəyanatdan sonra Moskva İran tərəfindən silsilə tənqidlərə məruz qalıb. Amma ən sərt reaksiyaları “Comhuriye-İslami ” qəzeti və Məclisin keçmiş Milli Təhlükəsizlik komissiyasının rəhbəri Həşmətullah Fəlahətpişə kimi şəxslər verib.
İslam respublikası qəzeti İranın Moskvanın dəstəyini almaq ümidi ilə Rusiyanın yanında dayanmasını “küləyə söykənmək”, rusları isə “bütün tarixin qorxaqları” adlandırıb.
Fəlahətpişə isə Rusiyanın həmişə İrana xəyanət etdiyini və son dövrlərdə İranın Moskvaya verdiyi bütün dəstəklərə baxmayaraq, bu yanaşmanın dəyişmədiyini deyib.
AzVision.az