İtkin əsgərlərin yaxınları İrəvanın Baqramyan prospektini bağlayıblar - VİDEO

   İtkin əsgərlərin yaxınları İrəvanın Baqramyan prospektini bağlayıblar    - VİDEO
  19 İyul 2023    Oxunub:1045
44 günlük müharibə zamanı itkin düşmüş Eçmiədzindəki hərbi-kimyəvi bölmənin hərbçilərinin valideynləri İrəvanda aksiya keçiriblər.
Onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər. Etirazçılar Baqramyan prospektini bağlayıblar.

Ermənistanda ölən əsgərlərin anaları aksiya keçirir
Yerli media yazır ki, səhər saatlarından etibarən başlayan aksiya zamanı əsgər valideynləri və qohumları hökumət binası yaxınlığına toplaşıblar. Onlar baş nazirin iqamətgahının müvəqqəti olaraq prezident administrasiyasına verildiyini biləndən sonra piketi orada davam etdiriblər.

"Hökumət binasında bizə məhəl qoyulmadı. Biz Paşinyanla görüş tələb edərək bəyanat yazıb bura gəldik. Bütün bunlar çox təhqiramiz hadisələrdir", - itkin düşən hərbçinin anası Marina Manavazyan jurnalistlərə deyib.

Erməni qadın xatırladıb ki, itkin düşən hərbçilərin yaxınları 3 ildir səlahiyyətli orqanlara məktublar, şikayətlər yazır, ifadələr verirlər. Amma bütün bunlar cavabsız qalır: "Qapıları üzümüzə bağlayırlar və bizə məhəl qoymurlar. Deyirlər ki, bu yalnız bizim problemimizdir. Amma imkan verməyəcəyik ki, bizi barmaqlarına dolasınlar və övladlarımızın taleyi isə naməlum olaraq qalsın. Biz onları sakit yaşamağa qoymayacağıq".

Qeyd edək ki, İkinci Qarabağ Müharibəsi yekunlaşandan sonra ağır şəkildə məğlub olan Ermənistan ordusunda xeyli sayda itkin qeydə alınıb. Əsgərlərin valideynləri tez-tez aksiyalar keçirərək ölkə hakimiyyətindən övladlarının nəşini tələb edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan  





Xəbər lenti