Kəmaləddin Heydərovdan önəmli açıqlama

Kəmaləddin Heydərovdan önəmli açıqlama
  04 İyun 2014    Oxunub:1073
“Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməzdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır. Buna da birgə təlimlər, müvafiq təhsil proqramları və kütləvi informasiya vasitələri ilə regionun əhalisi arasında təbii fəlakətlərlə bağlı məlumatlılığın artırılması yolu ilə nail olunur”.

AzVision.az AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Qəbələdə fəlakət riskinin idarə olunması üzrə öz işinə başlayan VII Beynəlxalq konfransda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Kəmaləddin Heydərov konfrans iştirakçısı olan ölkələri möhkəm dini bağların, qarşılıqlı məqsəd və hədəflərin tarix boyu bir araya gətirdiyini deyib. O, İƏT ilə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır ki, uğurla həyata keçirildiyini bildirib: “Bu əməkdaşlıq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təsis edildikdən sonra İƏT-in Təbii Fəlakət Riskinin İdarə Olunması üzrə Regional Mərkəzi ilə əlaqələrin qurulmasında da özünü doğruldub. Bugünkü konfransın belə yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Azərbaycanda təşkil olunması bunu bir daha sübut edir”.

Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrin həm maddi, həm də insan itkilərinə gətirib çıxardığını deyən Kəmaləddin Heydərov beynəlxalq əməkdaşlığın zəruri olduğunu bildirib. O, seymsik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də baş vermə ehtimalının yüksək olduğunu deyib.

Nazir rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılması üçün mərkəzin yaradıldığını və bir sıra dövlətlərə humanitar yardımın göstərildiyini qeyd edib.

Fövqəladə hallar naziri bildirib ki, konfransın əsas məqsədi zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır.

Qeyd edək ki, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.



AzVision.az


Teqlər:  





Xəbər lenti