Argentina İran-Boliviya hərbi sazişindən narazıdır

Argentina İran-Boliviya hərbi sazişindən narazıdır
  26 İyul 2023    Oxunub:840
Argentina hökuməti və Boliviyanın müxalif partiyaları Boliviya hökumətini İranla son hərbi razılaşma ilə bağlı izahat verməyə çağırıblar.
AzVision.az xəbər verir ki, Boliviya ilə İran arasında imzalanan, laki təfərrüatları hələ də açıqlanmayan son hərbi razılaşma İranın Cənubi Amerikadakı təsiri ilə bağlı narahatlığı artırıb.

Bu razılaşma xüsusilə Argentinada narahatlıq doğurur. Çünki bu ölkənin prokurorluğu İran hakimiyyətini 1994-cü ildə Buenos-Ayres Yəhudi icması mərkəzinə (AMİA) bomba qoyulmasına rəhbərlik etməkdə günahlandırır. Həmin partlayışda 85 nəfər həlak olub. Tehran bu ittihamları təkzib edib.

“Associated Press” agentliyinin məlumatına görə, adının açıqlanmasını istəməyən bir argentinalı məmur Buenos-Ayresin Boliviyadan cavab almaqda israrlı olduğunu bildirib.

“Bazar ertəsi Boliviyanın Buenos-Ayresdəki səfirliyinə göndərilən məktubda bu ölkənin Xarici İşlər nazirliyi Boliviyanın Müdafiə naziri Edmundo Noviyonun Tehrana səfəri zamanı danışıqların əsas məqamları və iki ölkə arasında mümkün razılaşma barədə ətraflı izahat tələb edib”, - məmur deyib.

Eyni zamanda Boliviya hökumətinə müxalif mövqe tutan bir sıra siyasətçilər də yazılı müraciətdə Tehranda imzalanan hərbi müqaviləni ölkə parlamentinə və siyasi partiyalara izah etməyə çağırıblar.

Hökumətin müxalifət partiyalarından olan parlament üzvü, Boliviya Nümayəndələr palatasının Silahlı qüvvələr və Müdafiə məsələləri komissiyasının rəhbəri Qustav Əliağa “Associated Press” agentliyinə bildirib ki, ölkənin Müdafiə naziri dünyada problemlər yaradan bir dövlətlə hərbi razılaşma barədə izahat verməlidir. Çünki konstitusiyaya görə Boliviya pasifist ölkədir.

Qeyd edək ki, İranın Müdafiə naziri Məhəmməd Rza Aştiani iyulun 20-də boliviyalı həmkarı ilə müdafiə və təhlükəsizlik üzrə anlaşma memorandumu imzalayıb.

- Latın Amerikası ölkələri Cənubi Amerikanın çox həssas bölgəsinə görə bizim xarici və müdafiə siyasətimizdə xüsusi əhəmiyyət kəsb edir”, - Aşitani memorandumu imzaladıqdan sonra deyib.
AzVision.az



Teqlər: İran   Argentina  





Xəbər lenti