İran Quranın yanıdırılmasına görə qisasla hədələyir

İran Quranın yanıdırılmasına görə qisasla hədələyir
  27 İyul 2023    Oxunub:1062
İran hökuməti “dünyanın hər yerində” Quranın yandırılmasına görə məsuliyyət daşıyanları cəzalandırmağı öz vəzifəsi hesab edir.
AzVision.az xəbər verir ki, SEPAH Qüds qüvvələrində İran rəhbərinin nümayəndəsi Əli Məhəmmədi Sirat öz müsahibəsində Quranı təhqir edənin cəzasının ölüm olduğunu deyib. Onun sözlərinə görə, bu şəxslər təhvil verilməsə, onlar da Salman Rüşdi kimi təhlükəsizlik və rahatlıqdan məhrum olacaqlar.

Bundan bir gün əvvəl SEPAH baş komandanının müavini Əli Fədavi də Qurani-Kərimi pozanların cəzalandırılmasını özlərinin borcu kimi qiymətləndirib.

“Bütün dünyanın ən müqəddəs kitabı dünyanın axmaqları tərəfindən təhqir olunanda bizim də üzərimizə məsuliyyət düşür. Amerika və sionistlər heç bir şey olmadığını dedikləri İsveç kimi ölkənin bütün işlərinə qarışır. İranın vəzifələri var və Quranın yandırılmasında iştirak edən həm şəxsi, həm də hökuməti cəzalandırmaq lazımdır. Bu cəza həyata keçiriləcək və itkilər onlara yönəldiləcək”, - Fədəvi deyib.

Bu bəyanatlar İran hakimiyyətinin İsveç və Danimarkada Quranın yandırılması ilə bağlı son hadisələrə verilən reaksiyasının davamıdır.

Son günlər bir çox müsəlman dövlətlərinin hökumətləri bu iki Şimali Avropa ölkəsini tənqid edərək, belə hadisənin təkrarlanmasının qarşısını almağı tələb ediblər. Onlar hətta İsveçə və Danimarkaya qarşı bəzi iqtisadi sanksiyaların tətbiq olunması barədə də düşünürlər. Bəzi müsəlman ölkələri isə bu dövlətlərdən öz səfirlərini və diplomatik nümayəndə heyətlərinin üzvlərini geri qaytarıblar.

Bununla belə, SEPAH rəhbəri və yüksək səviyyəli rəsmilərin açıqlamaları ilə Quranın yandırılmasına görə məsuliyyət daşıyanların “cəzalandırılması” üçün özünü ön sıraya çıxaran İran, britaniyalı yazar Salman Rüşdinin öldürülməsinə fətvanın verilməsinə bənzər hadisələrin təkrarlana biləcəyini açıq şəkildə bəyan edir.
AzVision.az


Teqlər: İran   SEPAH  





Xəbər lenti