İran amili İraq dinarının məzənnəsini xeyli aşağı saldı

İran amili İraq dinarının məzənnəsini xeyli aşağı saldı
  28 İyul 2023    Oxunub:1178
ABŞ-nin İran üçün çirkli pulların yuyulmasında şübhəli bilinən 14 İraq bankına qarşı tətbiq etdiyi sanksiyalardan sonra İraq dinarının dəyəri əhəmiyyətli dərəcədə devalvasiyaya uğrayıb.
AzVision.az “Bloomberg” agentliyinə istinadən İraqın açıq bazarında hər ABŞ dollarının 1750 dinara alındığını bildirir ki, bu da ölkənin Mərkəzi bankının dinar üçün elan etdiyi rəsmi məzənnədən 17% çoxdur.

Çərşənbə günü bir qrup İraq vətəndaşı Bağdadda ölkənin Mərkəzi bankının binası qarşısında etiraz aksiyası keçirərək milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün hökumətin müdaxiləsini tələb ediblər.

Amerikanın yeni bank sanksiyalarına cavab olaraq, İraqın Mərkəzi bankı sanksiya tətbiq olunan 14 bankın ölkənin bank sistemində rolunu azaltmaqla dinarın daha da ucuzlaşmasının qarşısını almağa çalışıb.

Qeyd edək ki, ABŞ-nin Maliyyə nazirliyi Nyu-York Mərkəzi bankı ilə birlikdə İran üçün çirkli pulların yuyulmasında və İrana dollar transferində şübhəli bilinən 14 İraq bankının dollar köçürmələrinə qadağa qoyub.

Maraqlıdır ki, İraqın Mərkəzi bankının rəhbəri isə Vaşinqtonun bu müstəvidə atdığı addımların davam etdiyinə dair heç bir dəlil olmadığını və dinarın dəyərinin aşağı düşməsinin müvəqqəti xarakter daşıdığını bildirib.
AzVision.az


Teqlər: İran   İraq  





Xəbər lenti