İranın Mədəniyyət nazirliyi "Hizbullah"ın kadrları ilə gücləndiriləcək

İranın Mədəniyyət nazirliyi "Hizbullah"ın kadrları ilə gücləndiriləcək
  28 İyul 2023    Oxunub:846
İranın Mədəniyyət nazirliyinin insan resurslarında genişmiqyaslı təmizlənmələr çərçivəsində bir sıra dövlətlərin terrorçu təşkilat kimi tanıdığı “Hizbullah”ın sıralarından 400 gəncin cəlb ediləcəyi açıqlanıb.
AzVision.az İranın Mədəniyyət naziri Məhəmməd Mehdi İsmailinin məlumatına istinadən bildirir ki, 2 illik ciddi işdən sonra 400 “Hizbullah gənci” yayın sonuna kimi dəyişikliklər üçün bu nazirliyə daxil olacaq.

“İrana sadiq olan bu sayda qüvvələrin hazırlanması çətin və məsuliyyətli işdir. Bu şəxslər İranın İnqilab Cəbhəsi və müxtəlif səviyyələrdə tanınmış, işlə təmin olunmuş və etibarlı adamları arasından seçiliblər. İranın hakimiyyət orqanları mövcud hökumətin qurulmasında 40 ildən çox vaxt keçməsinə baxmayaraq, bu cür qüvvələri müxtəlif sahələrdə hazırlamaq haqqında düşünməyiblər”, - İsmaili deyib.

Mədəniyyət nazirinin dediklərindən belə başa düşülür ki, “Hizbullah” qüvvələrinin bu nazirliyin tərkibinə daxil olması ilə ölkənin müxtəlif mədəniyyət sahələrinə təzyiqlər güclənəcək, sənət adamlarının senzura və təcrid dairəsi genişlənəcək.

Son aylarda müstəqil sənətçilərə qarşı məhdudiyyətləri gücləndirən İranın Mədəniyyət nazirliyi, təhlükəsizlik və məhkəmə qurumları ümummilli “Qadın, Həyat, Azadlıq” aksiyalarına dəstək verdikləri üçün onların bir çoxunu işsiz qoyub.

Məhəmməd Mehdi İsmaili bu sənətçilərin işinə qadağa qoyulduğunu təsdiqləyərək, onların “hicaba və iffətə” hörmət etmədiklərini bildirib.
AzVision.az


Teqlər: İran   Hizbullah  





Xəbər lenti