İFJ Nilufər Hamidinin və İlahə Məhəmmədinin azad olunmasını tələb edib

İFJ Nilufər Hamidinin və İlahə Məhəmmədinin azad olunmasını tələb edib
  29 İyul 2023    Oxunub:1237
İranda həbsdə olan jurnalistlər Nilufər Hamidi və İlahə Məhəmmədinin ölkə daxilində və xaricdəki müdafiəçilərinin sıraları genişlənir.
AzVision.az xəbər verir ki, Beynəlxalq Jurnalistlər Federasiyası (İFJ) cümə günü verdiyi bəyanatda Nilufər Hamidi və İlahə Məhəmmədiyə qarşı ittihamların əsassız olduğu bildirilir və onların azad edilməsi tələbi qoyulur.

“İlahə Məhəmmədi və Nilufər Hamidinin məhkəməsi çoxsaylı tələblərə baxmayaraq qapalı keçirilib. Jurnalistləri öz işlərini gördüklərinə görə həbs etmək beynəlxalq səviyyədə xəbərdarlıq mesajı verir. Biz bir daha həmkarlarımız İlahə və Nilufərə qarşı əsassız ittihamları pisləyirik və İran hakimiyyətini onlara qarşı bütün ittihamlardan əl çəkməyə çağırırıq. Jurnalistika cinayət deyil və İran ölkədəki bütün jurnalistləri və media fəallarını azad etməlidir”, - bəyanatda deyilir.

Qeyd edək ki, çərşənbə axşamı “Şərq” qəzetinin jurnalisti Nilufər Hamidinin, çərşənbə günü isə “HamMihən” qəzetinin müxbiri İlahə Məhəmmədinin son məhkəmə iclası keçirilib. Onlara qarşı “düşmən Amerika hökuməti ilə əməkdaşlıq” və “rejimə qarşı təbliğat fəaliyyəti” ilə bağlı ittihamlar irəli sürülüb.

Məhsa Əmininin doğma şəhəri Saqqezdə keçirilən dəfn mərasimini işıqlandıran “Ham Maihan” qəzetinin müxbiri İlahə Məhəmmədi ümummilli etirazların ilk günlərində İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib.

Nilufər Hamidi Məhsa Əmininin ölüm xəbərindən az sonra Saqqez qəbiristanlığında keçirilən dəfn mərasimi ilə bağlı reportaj hazırladıqdan sonra həbs olunub.
AzVision.az


Teqlər: İran   İFJ  





Xəbər lenti