İranda jurnalisti Evin həbsxanasının qadın şöbəsinə köçürüblər

İranda jurnalisti  Evin həbsxanasının qadın şöbəsinə köçürüblər
  31 İyul 2023    Oxunub:1009
Əvvəllər Məhsa Əminin atası ilə müsahibəyə görə həbs edilmiş jurnalist Nazilə Mərufyan azadlığa buraxıldıqdan sonra, bu ilin iyulunda yenidən həbs olunduqdan və təxminən iki həftə naməlum yerdə saxlanıldıqdan sonra Evin həbsxanasının qadın şöbəsinə köçürülüb.
AzVision.az “Harana” insan haqları saytının yaydığı məlumata istinadən bildirir ki, xanım Mərufyan əvvəllər Evin həbsxanasının 209-cu palatası kimi tanınan Kəşfiyyat nazirliyinin təcridxanasında saxlanılıb. Əllamə Təbatəbai universitetinin tələbəsi Mərufyan üçün 300 milyon tümən girov qoyulmasına baxmayaraq, onun azadlığa buraxılmasının qarşısı alınıb.

İyulun 8-də Evin prokurorluğunun birinci şöbəsinə çağırıldıqdan sonra həbs edilən jurnalist Nazilə Marufyana qarşı irəli sürülən mümkün ittihamlar barədə hələ ki, məlumat yoxdur. Bundan əvvəl o, evində axtarış aparıldığı, mobil telefon və noutbukunun götürülməsi barədə məlumat vermişdi.

Daha əvvəl isə, bu ilin fevral ayında Əmcəd Əmini ilə müsahibədən sonra, Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsi tərəfindən Nazilə Mərufyana “sistemə qarşı təbliğat fəaliyyəti və Məhsa Əminin atası ilə müsahibəni dərc etməklə ictimaiyyətdə narahatlıq yaratmaq üçün yalanlar yaymaq” kimi ittihamlarla iki il həbs, on beş milyon tümən cərimə və beş il ölkədən çıxışına qadağa qoyulması cəzası verilmişdi.
AzVision.az






Teqlər: İran   jurnalist  





Xəbər lenti