İranda dolların məzənnəsi artıb

İranda dolların məzənnəsi artıb
  02 Avqust 2023    Oxunub:1421
Mərkəzi bankın pul dəyişdirənlər assosiasiyasını ləğv etmək qərarından sonra dolların İran rialına nisbətdə məzənnəsi bazar ertəsi ilə müqayisədə təxminən min tümən (2% ekvivalenti) artıb.
AzVision.az xəbər verir ki, çərşənbə axşamı İran Mərkəzi bankı “məqsədlərdən yayınma” iddiası ilə İran Pul Mübadiləsi assosiasiyasını qanun pozuntularında, o cümlədən mərkəzi bankın əmrlərinə tabe olmamaqda və bu bankla əməkdaşlıq etməməkdə, assosiasiyanın məqsəd, vəzifə və fəaliyyətindən kənara çıxmaqda və digər işlərdə günahlandırıb.

Assosiyanın ləğvi barədə qəraradan sonra dollar bahalaşaraq, 50 min 350 tümənə çatıb.
Sözügedən assosiasiyasının katibi Kamran Soltanizadə “Xəbəronline” saytına verdiyi açqılamada Mərkəzi bankın qərarını bir sıra qurumların hüquqlarının pozulması kimi dəyərləndirib.

“Valyuta bazarının səhmdarları bankirlər assosiasiyası, özəl banklar assosiasiyası, dövlət və birjadankənar banklar assosiasiyasıdır. Əslində bu bazarın səhmdarları insanlardır. Lakin bu bazarın ləğvi ilə bağlı göstəriş verən Mərkəzi bank onu valyuta bazarı ilə əvəzləyib. Bizim bütün hərəkətlərimiz qanuna əsaslanır və biz mühakimə yolu ilə pul dəyişdirənlərin mənafeyinə əməl edəcəyik. Mütəşəkkil valyuta bazarında valyutadəyişənlər assosiasiyası üzvlərinin hüquqlarından geri çəkilməyəcəyik”, - Soltanizadə deyib.

İranın Mərkəzi bankı və digər dövlət qurumları rialın ucuzlaşmasını xarici mediada gedən xəbərlər, düşmən təbliğatı, əvvəlki hökumətlərin fəaliyyəti, “valyuta kralı” kimi tanınan insanların müdaxiləsi və s. kimi amillərlə əlaqələndiriblər. Onlar rialın məzənnəsindəki enişlərin həmişə müvəqqəti hal və “bazarın psixoloji həyəcanın” təsiri altında olduğunu, İranın milli valyutasının yenidən güclənəcəyini iddia edirlər.

Lakin ekspertlər və beynəlxalq maliyyə qurumları bu acı reallığı hökumət borclarının pik həddə çatması, geniş yayılmış maliyyə korrupsiyası və Mərkəzi bankın hökumət tərəfindən instrumental istifadəsi, əskinasların cilovsuz və dəstəksiz çapı, hökumətin zəif idarəçiliyi və sanksiyalarla əlaqələndiriblər.
AzVision.az



Teqlər: İran   dollar  





Xəbər lenti