Kanada məhkəməsi:Tehran milyonlarla dollar təzminat ödəməlidir
Hakim David Stinson sədrliyi ilə keçirilən məhkəmə qurbanların ailələrinin arqumentlərinin və sübutlarının məhkəməni PS752 reysinin vurulmasının “terror aktı” olduğuna inandırdığını açıqlayıb. Beləliklə də, onların “təzminat alması cəza, məhkumluq və çəkindirmə ilə uyğundur.”
Məhkəmənin hökmünə əsasən, səkkiz qurbanın ailələri hər biri 16 milyon dollar təzminatdan əlavə, hücumun səbəb olduğu ağrı və iztirablara görə daha 1 milyon dollar ala bilər.
Ukrayna Hava yollarına məxsus PS752 reysi 2020-ci il yanvarın 8-də sübh çağı Tehranın İmam Xomeyni beynəlxalq hava limanından havaya qalxdıqdan cəmi üç dəqiqə sonra İran, Kanada, Britaniya və İsveç, Ukrayna və Əfqanıstan vətəndaşları olan bütün sərnişinləri ilə birlikdə SEPAH-a məxsus iki raketlə vurulub.
Üç günlük təkzibdən sonra İran hakimiyyəti, xüsusilə də SEPAH komandirləri nəhayət Ukrayna təyyarəsinin İnqilab Keşikçiləri korpusunun raketləri ilə vurulduğunu etiraf etsələr də, bunun “insan səhvi” üzündən baş verdiyini bildiriblər.
Bundan əvvəl başqa bir Kanada məhkəməsinin qərarı ilə həmin faciənin qurbanlarının altı ailəsinin şikayəti əsasında İran 107 milyon dollar təzminat ödəməyə məhkum olunub.
Maraqlıdır ki, İran bu məhkəmələrin heç birində özünü müdafiə etməyib.
AzVision.az