Gələn ay 6 min Rusiya vətəndaşı Latviyadan çıxarılacaq?

Gələn ay 6 min Rusiya vətəndaşı    Latviyadan çıxarılacaq?
  05 Avqust 2023    Oxunub:1088
Latviyada daimi yaşamaq icazəsi olan 6 minə yaxın Rusiya vətəndaşından ölkəni tərk etmələri tələb edilə bilər.
TASS-ın yaydığı məlumata görə, Avropa İttifaqında (Aİ) qalmaq hüququnun uzadılması üçün hələ də latış dili imtahanından keçməyən rusiyalılar sentyabr ayında respublikanı tərk etmələri ilə bağlı rəsmi tələbin əks olunduğu məktub ala bilərlər.

Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolinş qeyd edib ki, respublikanı tərk etmək tələbi ilə məktublar alan vətəndaşlar üç ay ərzində Latviyadan çıxmalı olacaqlar. Tələbi yerinə yetirməkdən imtinaya görə cinayət məsuliyyəti nəzərdə tutulmasa da, latış dili testindən keçməyən rusiyalılar cərimələnə bilər.

Latviya Parlamentinin (Seymi) Vətəndaşlıq, Miqrasiya və Sosial Birlik Komissiyasının rəhbəri İnqmar Lidaka qeyd edib ki, immiqrasiya haqqında qanuna edilən yeni dəyişikliklərə əsasən, respublikanın hüquq-mühafizə orqanları dil sertifikatı olmadıqda hətta yaşlı insanları da ölkədən çıxara bilərlər. Onlar qanuna uyğun olaraq bunu etmək məcburiyyətindədirlər.

Hüquq-mühafizə orqanı həmçinin xəbərdarlıq edib ki, daimi yaşayış yerindən məhrumetmə dövlət tərəfindən himayədarlıq haqqının, o cümlədən pensiyanın ödənilməsi hüququnun itirilməsini nəzərdə tutur.

AzVision.az



Teqlər: Latviya  





Xəbər lenti