Bağdad İrandakı 500 metrlik ərazisini geri aldığını iddia edir

Bağdad İrandakı 500 metrlik ərazisini geri aldığını iddia edir
  05 Avqust 2023    Oxunub:1294
İran-İraq münasibətlərində ərazi alınıb-verilməsi məsələsi gündəmə gəlib. Maraqlıdır ki, bu məsələd tərəflər bir-birinə diametral şəkildə zidd olan bəyanatlar səsləndirirlər.
AzVision.az xəbər verir ki, İraqın Nəqliyyat nazirliyi bəyanat yayıb Şələmçə-Bəsrə dəmir yolunun tikintisinə dair razılaşma çərçivəsində ölkə ərazisinin 16 kilometrinin İrana verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“Biz nəinki İrana heç bir torpaq vermədik, əksinə Şələmçe-Bəsrə dəmir yolu tikintisi müqaviləsi çərçivəsində 500 metr İraq torpağını da İran tərəfdən geri aldıq. İran sərhədindən başlayan bu dəmir yolu xəttinin inkişafı üçün istifadə edilən bütün torpaqlar İraqa məxsusdur və İraq Yollar nazirliyi də 500 metr ərazini İrandan geri alıb. Dəmir yollarının və stansiyalarının tikintisi İraq tərəfinin öhdəliyindədir, digər tərəfdən İran Şatt əl-Ərəb (Arvandrud) üzərində körpünün tikintisini və İraq ərazisinin 16 kilometrinin minalardan təmizlənməsini öz üzərinə götürüb. İraq ərazisinin İrana verilməsinə dair razılaşma isə baş tutmayıb”, - bəyanatda deyilir.

Rəsmi Tehran hələlik Bağdadın bu bəyanatına reaksiya verməyib.

Bu ilin İyununda hər iki ölkənin mediasında sözügedən dəmir yolunun tikintisi ilə bağlı İraq torpaqlarından 16 kilometrlik minaların çıxarılmasına dair Bağdadla Tehrab arasında razılaşmanın əldə olunduğu barədə xəbərlər yayılmışdı. Maraqlıdır ki, İranın “İRNA” agentliyi də bu məsələ ilə bağlı xəbər dərc etsə də, Tehranın nəzarəti altında olan 500 metr ərazinin İraqa təhvil verilməsi iddiasının üstündən sükutla keçib.

Uzunluğu 32 km olan Şalamçeh-Bəsrə dəmir yolu layihəsinin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
AzVision.az




Teqlər: İraq   İran  





Xəbər lenti