Litvada Baş nazir Prezidentlə mübahisə edib

   Litvada Baş nazir Prezidentlə mübahisə edib
  05 Avqust 2023    Oxunub:1359
Litvanın baş naziri İnqrida Şimonite, dövlət başçısı Gitanas Nausedanın "gizli məlumatları" açıqlamaqda ittiham etməsindən sonra respublikanın müdafiə naziri Arvidas Anusauskasa etibar etdiyini bildirib.
Onun sözlərinə görə, ölkənin müdafiə naziri faktiki olaraq heç bir məxfi məlumat dərc etməyib: "Mən bildiyimə görə, nazir Dövlət Müdafiə Şurasında təqdim olunan və xüsusi olaraq məxfi sayılan məlumatları açıqlamayıb".

O əlavə edib ki, Anusauskas Litvanın Almaniyanın "Leopard" tanklarını almaq planları barədə ictimaiyyətə məlumat verdiyinə görə tənqid olunur. Baş nazir vurğulayıb ki, Dövlət Müdafiə Şurasında qəbul edilən qərarlar, Almaniyanın döyüş maşınlarında olduğu kimi, açıq şəkildə dərc olunur və hamıya məlumdur.

Litvanın müdafiə nazirinin "Leopard" tankları ilə bağlı bəyanatı iyulun sonunda ortaya çıxıb və bu, təkcə Nausedanın deyil, bir sıra digər Litvalı siyasətçilərin də tənqidinə səbəb olub. Nausedanın sözlərinə görə, bu cür məlumatlar Anusauskas kimi dərhal sosial şəbəkədə dərc edilməməlidir.

"Ən son məlumatları Facebook-da paylaşmaq kiməsə çox vacib görünə bilər, lakin bu, nazirin və ya hər hansı digər dövlət məmurunun əsas funksiyası olmamalıdır".

AzVision.az


Teqlər:





Xəbər lenti