Buba: Gürcüstanı sürüşdürən buzlaq

      Buba:    Gürcüstanı sürüşdürən buzlaq
  06 Avqust 2023    Oxunub:1503
Gürcüstanın Raça yüksək dağlıq bölgəsindəki Şovi kurort ərazisində baş verən sürüşmənin səbəbi dərənin yuxarı hissəsində yerləşən Buba buzlaqının qismən çökməsi olub.
Bu barədə ölkənin Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit üzrə Milli Agentliyinin mütəxəssislərinin hesabatında deyilir.

"Dərədə aparılmış çöl tədqiqatları əsasında müəyyən edilib ki, Buba buzlaqının qərbində qayalıq çökməsi baş verib, onun müəyyən hissəsi dağılıb və bu da öz növbəsində buzlaqın altından suyun çıxmasına səbəb olub.

Bir qayda olaraq, hər bir buzlaqın altında gizli göllər var. Yaranan axın dərənin kanalında hərəkət etməyə başlayıb",- jurnalistləri hesabatla tanış edən Milli Ətraf Mühit Agentliyinin Geologiya Departamentinin rəhbəri Merab Qaprindaşvili bildirib.

Mütəxəssisin sözlərinə görə, bu prosesə son vaxtlar rayonda müşahidə olunan yüksək temperatur, eləcə də leysan yağışları şərait yaradıb. Buzlaqdan gələn bütün kütlə buzlaq selinə çevrilib və daha sonra kurort ərazisinə çatıb. Qaprindaşvilinin qeyd etdiyi kimi, daşqınların ümumi sahəsi 26 hektar təşkil edib.

Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, daha 16 nəfər itkin düşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti