Floydun ölümünü kənardan izləyən polisin cəzası bəlli oldu

   Floydun ölümünü kənardan izləyən polisin cəzası bəlli oldu
  08 Avqust 2023    Oxunub:1257
ABŞ-da qaradərili Corc Floydu dizi ilə qətlə yetirən keçmiş polis məmuru Derek Şovinin yanında olan üç keçmiş polisdən biri olan Tou Thaonun cəzası bəlli olub.
Avqustun 7-də Minneapolisdə keçirilən məhkəmə iclasında Thao "ikinci dərəcəli qətlə köməklik və yataqlıq" ittihamı ilə 4 il 9 ay həbs cəzasına məhkum edilib.

Thao Floydun ölümündən təəssüfləndiyini, lakin hadisədə heç bir rolunun olmadığını və vicdanının təmiz olduğunu bildirib. Vəkili Robert Paule apellyasiya şikayəti verəcəklərini bildirib.

Thao Floydun mülki hüquqlarını pozmaqda ittiham olunduğu digər federal işdə 3,5 il həbs cəzasına məhkum edilib.



Keçmiş polis zabiti Şovin Floydun boynuna dizlərini qoyduğu müddətdə ətrafdakı şahidləri hadisə yerindən uzaqlaşdıran Thao may ayında günahkar bilinib.

177 səhifəlik qərarda hakim Cahill deyib: “Hadisəyə qarışmadan kənardan izləyənlər kimi Thao da Floydun boynundan sıxıldığı zaman tədricən öldüyünü görə bilib”.

Qeyd edək ki, 25 may 2020-ci il tarixində Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Derek Şovin 46 yaşlı qaradərili Corc Floydu dələduzluqda şübhəli bilərək saxladığı zaman dizini onun boynunda 9 dəqiqə 29 saniyə saxlamaqla ölkənin gündəmini düşmüşdü. Dəqiqələrlə "nəfəs ala bilmirəm" deyə yalvaran Floydun hadisə yerinə gələn təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya aparıldığı, lakin sonradan öldüyü bildirilib. Hadisənin görüntüləri ölkədə qaradərililərə qarşı polis zorakılığı müzakirələrinə səbəb olub və bir çox şəhərlərdə aylarla şiddətli etirazlara səbəb olub. Floydun ölümünə səbəb olmaqda günahlandırılan Şovin hadisədən 4 gün sonra saxlanılıb, 2-ci və 3-cü dərəcəli qətl və 2-ci dərəcəli adam öldürmə ittihamları ilə 22,5 il həbs cəzasına məhkum edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti