Türkiyə kəşfiyyatı İran casuslarını necə ifşa etdi ?I Aralarında azərbaycanlılar da var

   Türkiyə kəşfiyyatı İran casuslarını necə ifşa etdi ?I    Aralarında azərbaycanlılar da var
  09 Avqust 2023    Oxunub:1871
Türkiyədə Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi İran kəşfiyyat xidmətinə işləyən xüsusi dəstəyə qarşı əməliyyat keçirib. Əməliyyatın bəzi təfərrüatları üzə çıxıb. Məlum olub ki, 5 nəfərdən ibarət bu dəstə üzvləri arasında azərbaycanlılar da var...
Türkiyə kəşfiyyatı belə bir dəstənin varlığından necə xəbər tutdu?

DAEŞ-in(və ya IŞİD-in) Türkiyədə indiyə qədər həyata keçirdiyi 24 müxtəlif qanlı terror aktından sonra ölkə kəşfiyyatı və polisi mümkün yeni hücumlara qarşı daima qabaqlayıcı tədbirlər görür. Bu cür tədbirlər çərçivəsində hətta şübhəli şəxslərin xarici ölkələrlə danışıqları da dinlənilə bilər. Beləliklə, Türkiyə kəşfiyyatı belə əməliyyatlardan birində 5 nəfərlik dəstə ilə DEAŞ-ın Özbəkistandakı qolunun üzvləri arasında gedən telefon danışığının səs yazısını ələ keçirir. Danışıqlar tacik dilində aparılırdı. Söhbətin tam olaraq nədən getdiyini anlamaq üçün işə mülki kəşfiyyatçı cəlb edilir. O, telefon danışıqlarını tərcümə edərək bildirir ki, dəstə üzvləri ilə terrorçular arasında hansısa qiymətli bir “arxiv materialının” və ya başqa cür desək , rəqəmsal karqonun bazarlığı gedir. Bundan sonra aylarla sürən telefon danışıqları dinləməsi başlayır. Və bu, “Yalnız Qurd” adlı terror dəstəsinin döyüşçülərinin deşifrə edilməsində ilk addım olur.

ABŞ, İngiltərə və İsrail də onları izləyirdi...

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidməti, İsrailin kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən xüsusi xidmət orqanı Mossad və İranın VAJA məxfi xidməti illərdir ki, DEAŞ-a qarşı əks-kəşfiyyat həyata keçirir və təşkilata sızmaq üçün cəhdlər edirdi. Onların məqsədi 2019-cu ilin oktyabrın 27-də öldürülən DEAŞ lideri Əbu Bəkr əl-Bağdadinin illərdir gizlətdiyi məxfi materialı ələ keçirmək idi.Qərb kəşfiyyat xidmətləri üçün bu məlumatların dəyəri əvəzsiz idi. Bəs həmin məlumatlarda nələr yer almışdı? Onları belə qiymətli edən nə idi?

Gizli arxiv məlumatlarına tövbə edən təşkilat üzvlərinin keçmişləri, aldıqları xüsusi təhsil, təşkilatçılıq qabiliyyətləri, hansı silahdan istifadə etdikləri, hansı ölkənin vətəndaşı olduqları, ailələri, hazırda yaşadıqları ölkədəki ünvan və əlaqə nömrələri daxil edilmişdi. Onların hamısı ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Belçika, Hollandiya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya və İspaniya kimi Avropa ölkələrinin vətəndaşları olan minlərlə xüsusi təlim keçmiş “Tənha qurd” kod adlı xüsusi terror qruplaşması üzvləri idilər. Məxfi material sayılan və bazarlığı gedən “rəqəmsal karqoda” bütün dünyaya yayılan 9952 İŞİD terrorçusuna aid bioqrafik kəşfiyyat məlumatları ən dəqiqliyinə qədər göstərilib. Rəqəmsal karqoda bombalı hücumların həyata keçirilməsi planları da yer alıb.

Təbii ki, belə bir məlumatı hər bir ölkənin kəşfiyyatı ələ keçirməkdə maraqlı idi. Bununla bağlı ABŞ-ın xüsusi təyinatlı qüvvələri dəfələrlə əməliyyat keçirmişdi. Məxfi materialın ələ keçəcəyindən narahat olan İŞİD-in rəsmi nümayəndəsi Əbu Həmzə Qureyşi göstəriş verir ki, məxfi məlumatlar təhlükəsiz ölkəyə göndərilsin. Başqa bir ölkəyə aparan kuryer məlumatların qiymətli olmasından xəbərdaridi. O, ölüm riskini gözə alıb məlumatları satır və yoxa çıxır.

Kuryer bir neçə aydan sonra DAEŞ tərəfindən tutularaq sorğu-sual edilir. O, rəqəmsal karqonu itirdiyini deyir. Yalan danışdığına görə DEAŞ üzvləri kuryerin bilək və ayaqlarını qılıncla kəsirlər. Bundan sonra DEAŞ Özbəkistanda 1, Suriyada isə 2 üzvünü qılıncla edam etsə də, məxfi materialları geri qaytarmaq mümkün olmur.

İran 8,5 milyon avroya bazarlıq etmək istəyir

Özbəkistandakı qruplara satılan məxfi məlumatın qərb kəşfiyyat xidmətlərinə ötürülməsi də nəzərdə tutulurdu. Ancaq İran kəşfiyyatı qabağa düşür. İçərisində azərbaycanlıların da olduğu 5 nəfərlik dəstənin vasitəçiliyi ilə 8,5 milyon avroya DEAŞ-ın serverlərindən gizli şəkildə çıxarılan rəqəmsal karqonun alınması ilə bağlı razılığa gəlinir.

Həmin ərəfələrdə İstanbul polisi baş verən bütün prosesləri izləyir, lazımı müdaxilə üçün uyğun şəraiti gözləyirdi. Məsələ ilə bağlı İstanbul əyalət Polis İdarəsinin rəisi Zəfər Aktaşa xüsusi məlumat verilir. Ona bildirilir ki, məxfi məlumatlar İstanbulda təhvil veriləcək.

5 nəfərlik dəstə üzvləri kimlər idi?

Onlardan ikisi azərbaycanlıdır. Seymur Rzayev İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində iştirak edirmiş. Hikmət Əliyev isə Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyevdir. Digər şəxslər mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İran əsilli türk vətəndaşı Mehmet Çelik və İlyas Yıldırımdır. Seymur Rzayev və dostları Ukraynadan neft çənləri, neft nasosları tədarük edir və onları Vyetnam vasitəsilə İrana aparırmış.

Məlum olub ki, Seymur Rzayev və digər dəstə üzvləri İstanbula gələrkən heç bir kəşfiyyat izi buraxmamaq üçün Türkiyə vətəndaşı İlyas Yıldırımın avtomobilini qeyri-rəsmi olaraq icarəyə götürüblər və İran kəşfiyyatının xeyrinə fəaliyyətlər həyata keçiriblər.

Planın uğursuzluğu və ya İran kəşfiyyatının pərtliyi

Rəqəmsal karqonun da İrana çatdırılmasını başda Seymur Rzayev olmaqla bu dəstə həyata keçirəcəkdi. İran kəşfiyyatı Rzayevə və onun adamlarına rəqəmsal karqodan bəzi sənədləri görmək istədiklərini və onların düzgünlüyünü sübut etdikdən sonra tələb olunan 8,5 milyon avronu verə biləcəklərini deyiblər. Özbəkistan-İstanbul xəttində aylarla davam edən danışıqlardan sonra bu komanda tərəfindən bəzi ilkin sənədlər Özbəkistandan gətirilərək İstanbulda İran kəşfiyyat xidməti VAJA-ya təqdim edilib. Bundan sonra İran istənilən rəqəmi verməyə hazır olduğunu bildirir. Qərara alınır ki, çatdırılma yeri İstanbul olsun. Ancaq plan baş tutmur. Kuryer İstanbul Beynəlxalq Hava Limanınında keçirilən əməliyyatda saxlanılır və bütün məxfi məlumatlar Türkiyənin əlinə keçir.

"Tənha qurd" terrorçularından bəzilərinin fotoları:










Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti