Prezidentliyə namizədi seçki kampaniyasında güllələdilər

  Prezidentliyə namizədi seçki kampaniyasında  güllələdilər
  10 Avqust 2023    Oxunub:1038
Ekvadorun hazırkı prezidenti Gilermo Lasso prezidentliyə namizəd Fernando Vilyavisensonun öldürülməsi ilə bağlı məlumatı təsdiqləyib. Bu barədə “İnterfaks” məlumat yayıb.
Bundan əvvəl CNN telekanalı Vilyavisensonun seçki kampaniyası çərçivəsində siyasi mitinqdə güllələndiyini bildirmişdi.

Lasso sosial şəbəkələrdə baş verənlərdən qəzəbləndiyini və şoka düşdüyünü yazıb və insanları bu cinayətin cəzasız qalmayacağına əmin edib. Dövlət başçısı insidenti müzakirə etmək üçün təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb.

CNN qeyd edir ki, prezidentliyə namizədliyini verən səkkiz nəfərdən yeddisi, o cümlədən Vilyavisenso polisin mühafizəsi altında olub. Qətlə yetirilən siyasətçi “Ekvadoru quraq” hərəkatını təmsil edirdi.

Hadisə yerində polislə atəş açan şəxs arasında atışma zamanı polislər də daxil olmaqla bir neçə nəfər yaralanıb. Qətl terror aktı kimi qiymətləndirilib.

Associated Press Ekvador Baş Prokurorluğuna istinadən xəbər verir ki, qətldə şübhəli bilinən şəxs atışma zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ekvadorda prezident seçkilərinin birinci turu avqustun 20-nə təyin edilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ekvador   Seçki   prezident   qətl  





Xəbər lenti