Artur Rasizadə Qarabağdan danışdı

Artur Rasizadə Qarabağdan danışdı
  06 İyun 2014    Oxunub:892
İyunun 5-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransının nümayəndələri ilə görüşüb.
AzVision.az "AzərTAc"a istinadən xəbər verir ki, görüşdə Baş nazir Artur Rasizadəyə məlumat verilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın işində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın müvafiq dövlət qurumlarının rəhbərləri, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər iştirak ediblər.

Konfransın əsas məqsədi zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində təcrübə mübadiləsi aparmaqdan ibarətdir. Konfransda dinlənilən məruzələrdə xüsusilə qeyd olunub ki, fəlakətlərin idarə edilməsinə əsasən fəlakət halları baş verməmişdən öncəki hazırlıq kimi baxmaq daha səmərəlidir. Bunun üçün müxtəlif təlim və təhsil proqramları, əhali arasında maarifləndirmə işinin aparılması, müvafiq tövsiyələrin verilməsi və s. şərtlər vacibdir.

Çıxış edən qonaqlar fövqəladə hallarda fəlakət riskinin azaldılması siyasəti üzrə müəyyən strategiyanın hazırlanmasında, birgə fəaliyyət platformasının yaradılmasında konfransın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Görüşdə qonaqlara Azərbaycandakı ictimai, siyasi, iqtisadi və mədəni durum barədə ətraflı məlumat verən Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin beynəlxalq hüquq normaları çəçivəsində, sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinin vacib olduğuna dair Azərbaycanın mövqeyini bir daha xatırladıb.

Sonda qonaqlar Qəbələ konfransının yüksək səviyyədə təşkili üçün ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə fövqəladə hallar sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov görüşdə iştirak edib.


Teqlər:





Xəbər lenti