Prezident Vaqif Səmədoğlunu təbrik etdi

Prezident Vaqif Səmədoğlunu təbrik etdi
  06 İyun 2014    Oxunub:1121
Prezident İlham Əliyev Xalq şairi Vaqif Səmədoğlunu 75 yaşı münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: `Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Sizin yaradıcılığınız tədqiqatçılar tərəfindən fikir poeziyası kimi həmişə yüksək qiymətləndirilib. Vətən və azadlıq, xeyir və şər, həyat və ölüm haqqında fəlsəfi düşüncələriniz əsərlərinizdə bənzərsiz bir mənzərə formalaşdıraraq özünəməxsus poetik dünya yaradıb.

Müraciət etdiyiniz mövzular nə qədər rəngarəng olsa da, Siz Bakının, İçərişəhərin, Xəzərin və bütövlükdə Vətənin parlaq obrazlarını daim diqqət mərkəzində saxlamısınız. Poeziyanızda əksini tapan hər bir ifadə Azərbaycan xalqının ədəbi xəzinəsi, milli-mənəvi dəyərləri və folklorun tükənməz imkanları ilə sıx bağlıdır. Müasir insanın daxili aləminin təsvirində sərbəst şeirin potensialından məharətlə istifadə olunmasında xüsusi xidmətləriniz vardır.

Mahnı janrının inkişafında, teatr və kino sahəsində əldə etdiyiniz uğurlar da Sizə şöhrət gətirib. İstər yaradıcılığınızda, istər ədəbi-mədəni və ictimai-siyasi həyatda Siz səmimi və müdrik insan kimi tanınmış, böyük nüfuz və hörmət qazanmısınız.
Şeirlərinizdə tez-tez atanızı xatırlayırsınız. Üslubunuzun Vurğun yaradıcılığından kəskin surətdə fərqlənməsinə baxmayaraq, məhz onun əsl varisi olub ədəbiyyatımızın bütün qaynaqlarından ilham almış, təkrarolunmaz şair kimi formalaşmısınız. Bəşər mədəniyyətinin nailiyyətlərini dərindən mənimsəməklə Siz bütövlükdə Azərbaycan ədəbiyyatının inkişafına layiqli töhfələr vermisiniz. Ümidvaram ki, əsərlərinizlə bundan sonra da xalqımıza layiqincə xidmət göstərəcəksiniz`.


Teqlər:  



Xəbər lenti