Leyla Əliyeva: “Xocalıya ədalət!” davam edir

Leyla Əliyeva: “Xocalıya ədalət!” davam edir
  06 İyun 2014    Oxunub:1059
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin sonuncu cildi çapdan çıxıb.
AzVision.az xəbər verir ki, kitabın III cildi hələ ictimaiyyətə bəlli olmayan bir çox faktların üzə çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Məsələn, kitabın “Millətçi erməniləri ifşa edən faktlar, etiraflar” bölümündə tanınmış erməni yazıçısı, öz milli tarixinə şovinist həmvətənlərindən fərqli mövqedə yanaşan Ovanes Tumanyanın 1910-cu ildə çap olunmuş “Bədnam xalq” məqaləsində deyilir: “Əgər bizdə müdriklik, mərdlik və sağlam intuisiya kimi keyfiyyətlər varsa, onda biz bütün bunlara göz yummamalı, elə düşünməməliyik ki, bizim insanlar mənəvi cəhətdən tamamilə korlanmışdır. Xəstəliyə qarşı mübarizənin birinci şərti, sağalmağın əsas şərti odur ki, biz öz bədbəxtliyimizi öz vicdanımız qarşısında və bütün dünya qarşısında etiraf edək.
Onda xilasedici mənlik şüuru oyanacaq, biz özümüzü təkmilləşdirməyə və nəcib əməllərə meyl edəcəyik.
Başqa yol yoxdur. Həqiqi qurtuluş içəridən gəlməlidir, çünki bizim iç dünyamız xəstədir”.
Bu tipli faktlar erməni riyakarlığının hətta onların öz ziyalılarını, yaradıcı adamlarını da bezdirdiyini, ümumiyyətlə, erməni ictimai-siyasi dünyagörüşünün dərin ziddiyyət və böhranlar burulğanında boğulduğunu bir daha təsdiqləyir.

Nəşrin “Erməni mənşəli dünya alimləri və elmi ictimaiyyət tarixi həqiqətləri saxtalaşdırmaqda erməni həmkarlarını ittiham edirlər” bölümündə isə mövzunun adından göründüyü kimi, erməni tarixi saxtakarlığına qarşı onların öz dilindən amansız faktlar ortaya çıxarılır, elmi meyarlara ehtiram bəsləyən dünya alimləri tərəfindən ermənilərin quraşdırdıqları “tarix” və “həqiqət” rədd edilir.

Kitabda Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin “Soyqırımı insanlığa qarşı amansız cinayətdir” sərlövhəli yazısında ermənilərin Xocalıda törətdikləri soyqırımı dəhşətləri konkret rəqəmlər və faktlar əsasında tam dolğunluğu ilə öz əksini tapmış, qətliamın təşkilatçılarının və icraçılarının öz layiqli cəzalarına çatacaqlarına əminlik ifadə olunmuşdur.

Geniş ictimaiyyətə təqdim olunan bu üçcildlik kitabın müasir tariximiz və mədəniyyətimiz, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün böyük əhəmiyyəti vardır. Ondan orta və ali məktəb müəllimləri, şagird və tələbələr, əsgər və zabitlər, dövlət məmurları, diplomatlar yetərincə istifadə edə bilərlər. Buna görə də nəşrin Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin xətti ilə ölkəmizin bütün kitabxanalarında yerləşdirilməsi, xüsusilə müəllim və şagirdlərin, tələbələrin mütaliə etmələri və eyni zamanda, tədris vəsaiti kimi istifadə olunması, Xarici İşlər Nazirliyinin xətti ilə beynəlxalq təşkilatlara, elmi-siyasi tədqiqat mərkəzlərinə, diplomatik korpuslara çatdırılması, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə dünya azərbaycanlıları arasında yayılması, beynəlxalq konfransların aktual mövzu və problemlər sferasına gətirilməsi və xüsusilə BMT-nin rəsmi dillərinə tərcümə edilməsi zəruridir.


Kitabda diqqəti cəlb edən məqamlardan biri də öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın mədəni-maarif, sosial, ailə və məişət problemlərinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və bütövlükdə Azərbaycan hökumətinin çoxşaxəli qayğılarından bəhs edilməsi, maraqlı təhlillərin aparılmasıdır.

Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş elmi monoqrafiyanın baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayevadır.
Nəşrin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Kampaniya davam edir. Məqsədimiz Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq hüquqi müstəvidə tanınmasına nail olmaqdır” kimi müdrik kəlamları bizləri bir daha müvafiq istiqamətdə fədakar olmağa çağırır.

“Xocalıya ədalət!” kampaniyasının beş illik uğurlu fəaliyyətindən bəhs edən bu kitab bütövlükdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın - nəcib, humanist, müqəddəs və həm də çətin, lakin şərəfli bir missiyanı layiqincə yerinə yetirən bir Azərbaycan xanımının bəşəriyyətə ədalət çağırışı ilə yaşayan, işləyən bir insan ömrünün salnaməsidir.

Tədqiqatda Azərbaycan, ingilis, rus dillərində, həmçinin qəzet və jurnallardan, internet resursları olmaqla 103 mənbədən istifadə edilib.


Teqlər:  





Xəbər lenti