Alman nazirləri mənzil başına çatdırmayan təyyarələr

   Alman nazirləri mənzil başına çatdırmayan təyyarələr
  15 Avqust 2023    Oxunub:818
Almaniyanın xarici işlər naziri Annalena Baerboku Avstraliyaya aparmaq üçün havaya qalxan, lakin nasazlıq səbəbindən Əbu-Dabiyə məcburi eniş edən "Airbus 340-300" təyyarəsinin istismardan çıxarılacağı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, sözügedən iki təyyarənin normal şəraitdə bu ilin payızında və ya 2024-cü ilin əvvəlində istismardan çıxarılması planlaşdırılıb. Lakin uçuşdakı uğursuzluqdan sonra bu vaxt qısaldılıb.

Nazir Baerboku Avstraliyaya aparmalı təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra nasazlıq səbəbindən təxminən 2 saat dövrə vurduqdan sonra Əbu-Dabiyə məcburi eniş edib.

Təyyarənin bu nasazlığı bir çox alman siyasətçinin keçmişdə təyyarə nasazlığı səbəbiylə yaşadığı problemləri gündəmə gətirib.

"Politico" saytının xəbərlərində yaxın keçmişdə baş vermiş təyyarə qəzası səbəbindən səyahətləri zamanı problemlərlə üzləşən tanınmış alman siyasətçiləri yer alıb.

Müdafiə Nazirliyinin 17 nəfərlik nümayəndə heyətinin iyun ayında Nigerə səfəri zamanı hökumət təyyarəsinin pəncərəsi sınmış və nümayəndə heyəti ticarət təyyarəsi ilə geri dönmüşdü.

Keçmiş müdafiə naziri Heiko Maas və 40 nəfərlik heyət 2019-cu ildə Maliyə səfər etmiş, təyyarənin eniş şassisinin hidravlik nasazlığı səbəbindən Almaniya Hərbi Hava Qüvvələri yeni bir təyyarə göndərərək heyəti bir gün sonra ölkəyə gətirmişdi.

Keçmiş inkişaf naziri Gerd Müller 2019-cu ildə hökumət təyyarəsində nasazlıq yarandıqdan və başqa bir ticarət təyyarəsi ilə Zambiyaya getdikdən sonra Malavidə qapalı qalıb. Arızalı təyyarə təmir olunmaq və naziri götürmək üçün Zambiyaya getsə də, eniş şassisində daha bir nasazlıq olduğu üçün Müller və onun nümayəndə heyəti ticarət təyyarəsi ilə Almaniyaya qayıdıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer 2019-cu ildə hökumət təyyarəsi ilə Afrika səfərinə yola düşmüşdü, lakin havaya qalxmazdan bir müddət əvvəl təyyarə təkəri partladığı üçün geri qayıtmışdı. Təkər dəyişdirildikdən sonra Ştaynmayer eyni təyyarə ilə Afrikaya yollanıb.

Baş nazir Olaf Şolts 2018-ci ildə Maliyyə Naziri olarkən siçovulların təyyarənin bəzi kabellərini dişləməsi nəticəsində İndoneziyada qalıb. Şolts Beynəlxalq Valyuta Fondunun iclasından sonra kommersiya təyyarəsi ilə Almaniyaya qayıtmalı olub, onun nümayəndə heyətinin əksəriyyəti isə təyyarə təmir olunana qədər Balidə qalıb.

2018-ci ildə kansler Angela Merkeli Argentinaya G20 toplantısına aparan təyyarə rabitə sistemində yaranan nasazlıq səbəbindən Kölndə təcili eniş edib. Merkel zirvəyə ticarət təyyarəsi ilə getməli olub.

AzVision.az


Teqlər:





Xəbər lenti