“Zəlzələnin qorxusu yoxdur” - AÇIQLAMA

“Zəlzələnin qorxusu yoxdur” - AÇIQLAMA
  07 İyun 2014    Oxunub:1020
Respublika Seysmoloji Xidmət Mərkəzi son günlər Xəzər dənizində baş verən zəlzələlərin səbəblərinə aydınlıq gətirib.
RSXM-in baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, Abşeron və Bakını əhatə edən zəlzələ ocaqlarının hamısı Xəzər dənizində yerləşir.

Onun sözlərinə görə, Xəzər dənizində zəlzələ baş verdikdə, bu, Bakıda və Abşeronda hiss olunur.

Q.Yetirmişli qeyd edib ki, Xəzərdə müəyyən hərəkətlər var və müxtəlif dövrlərdə aktivləşmə baş verir. Onun sözlərinə görə, bir neçə gündür Xəzərdə müxtəlif ballarda zəlzələ baş verir: “Bunların hamısı bu gün səhər qeydə alınan güclü zəlzələdən öncə olan “for şok”lar idi. İndi baş verən əsas zəlzələ “şok” oldu. Bundan sonra da “after şok”ların olması gözlənilir. Bu cür güclü təkandan sonra “after şok”lar olmalıdır. Bir dəfə sınıb dağılmaqla məsələ bitmir, hərəkət ola bilsin qırılıb düşsün, müəyyən qanadlarda parçalanma getsin. “After şok”lar da müəyyən ölçüdə - az və ya çox ola bilər. Hər halda proses özünü göstərəcək”.

RSXM-in baş direktoru vurğulayıb ki, hazırda zəlzələ ocağında sakitlikdir və proses dayanıb. Ocaqda baş verən hərəkətlərin araşdırılacağını deyən Q.Yetirmişlinin sözlərinə görə, zəlzələ ocağı dərinlikdə olduğu üçün qorxusu yoxdur.

Xəzərdə aktivləşmənin olduğu və mütəmadi olaraq zəlzələlərin baş verdiyini deyən Q.Yetirmişli qeyd edib ki, dənizdəki məlum zəlzələ ocağı “Azəri-Çıraq Günəşli” neft yataqlarının yerləşdiyi sahəyə yaxın ərazidədir: “Hətta keçən il Xəzərdə 1 ay ərzində baş verən 36 təkanın səbəbləri araşdırılıb. BP nümayəndələri ilə söhbət zamanı bildirilib ki, zəlzələlər nəticəsində yataqlarda neft debiti aşağı düşüb. Çünki hər bir zəlzələdə parçalanma gedir. Bəzən qırılma neft yataqlarının arasından keçir və zəlzələ baş verəndə, orada parçalanma olur. Hər bir qırılmada neft axını da parçalanmalar istiqamətində debiti aşağı sala bilər”.

Qeyd edək ki, bu gün saat 11:05-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.6 bal, dərinliyi 61 km olub. Zəlzələ Bakıda 3 bal gücündə hiss olunub.


Teqlər:  





Xəbər lenti