Yeni reallıqda İlham Əliyevin Qarabağ planı – TƏHLİL (2-ci yazı)

Yeni reallıqda İlham Əliyevin Qarabağ planı – TƏHLİL (2-ci yazı)
  07 İyun 2014    Oxunub:1549
(Birinci yazını BURADA oxuya bilərsiniz)

Ukrayna böhranı dünyadakı geosiyasi vəziyyəti kəskin şəkildə dəyişdi və Azərbaycan bu dəyişiklikdən öz mənafeyi naminə maksimum istifadə etməklə Dağlıq Qarabağ probleminin həllinə çalışır. Azərbaycan münaqişənin həllinə nail olmaq üçün ayrı-ayrı qütblərdə dayanan Rusiya ilə Qərbin problemlə bağlı vahid mövqe sərgiləməsinə nail olmalıdır. İlk baxışdan bu məsələ mümkünsüz görünsə də, dünya siyasi arenasında baş verən hadisələrin təhlili göstərir ki, Azərbaycanın qurduğu uğurlu kombinasiya son nəticədə öz töhvəsini verəcək.


Azərbaycanın Rusiyaya təsir göstərdiyi digər istiqamət isə Gömrük İttifaqının üzvləri vasitəsilədir. Putin üçün iqtisadi səmərə verib-verməyəcəyindən asılı olmayaraq, bu ittifaq xüsusi əhəmiyyət daşıyır. Rusiya dünyanın 170 milyon əhalisinin yaşadığı böyük bir coğrafiyaya nəzarət etdiyini həm dünya dövlətlərinə nümayiş etdirməyə çalışır, həm də bundan daxili təbliğat üçün faydalanacaq.

Ukrayna böhranından sonra Avrasiya İttifaqının Rusiya üçün əhəmiyyətinin daha da artmasının səbəbi Amerikaya “Kremlin güclü olduğunu” bir daha sübut etməyə hesablanıb. Lakin Rusiyanın zəifləməsindən istifadə edən Qazaxıstan və Belorusun əvvəlki dövrlə müqayisədə səsləri daha gur çıxır və onlar öz tələblərini artıq qorxmadan səsləndirə bilirlər. İttifaqın görüntü xatirinə yaradıldığını sübut edən əsas amil odur ki, əvvəlcə vəd edilən gömrük güzəştlərinin tətbiqi hələ ki, 10 il müddətinə ləğv olunub. Belə ki, həmin güzəştlərin tətbiqi Rusiyanın Qazaxıstan və Belorusdan idxal-ixrac hesabına qazandığı illik 20 milyard dollardan imtina etməsi anlamına gəlir. İqtisadi böhran təhlükəsi ilə üzləşmiş Rusiya hazırkı vəziyyətdə bu güzəştləri tətbiq edə bilməz. Buna görə Belorus və Qazaxıstanın ittifaqa cəlb olunması da müəyyən çətinliklərlə qarşılaşıb.

Azərbaycan həm Belorus, həm də Qazaxıstanla yüksək səviyyəli ikitərəfli münasibət qurmağa nail olub, bu dövlətlərin rəhbərlərinin prezident İlham Əliyevlə şəxsi dostluq münasibətləri formalaşıb. Odur ki, Belorus və Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini dəstəkləmələri və hətta, Rusiyanın onlardan asılı düşməsindən istifadə edərək bu məsələdə Moskvaya təsir göstərmək istəmələri tamamilə təbii haldır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avrasiya İttifaqının təsis konfransında Ermənistana dünya ictimaiyyəti tərəfindən tanınan sərhədləri çərçivəsində quruma üzv ola biləcəyini deməsi bunun əyani sübutudur.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin bu iclasda iştirak etsə də, ümumiyyətlə məsələyə müdaxilə etməyib. Ermənistan ümid edirdi ki, Avrasiya İttifaqına üzv olmaqla Dağlıq Qarabağı da özü ilə bu quruma daxil edə biləcək və bununla Rusiyanın mühafizə zonasına keçəcəkdi. Lakin bu, baş vermədi. Serj Sarkisyanın yaramaz siyasətinin məntiqi nəticəsi olaraq Yerevan Avropadan özü-özünü təcrid etdi və bütövlükdə özünü Rusiyanın ixtiyarına buraxdı. İndi isə Moskvanın qərarı ilə barışmalı olacaq.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində Çinin təsirindən də yararlanması mümükündür. Rusiya ilə Çin arasında tarixi qaz müqaviləsinin imzalanması ərəfəsində prezident İlham Əliyev Çinə səfər etdi. Rusiyanın Çindən asılı vəziyyətindən istifadə edib, Azərbaycan Pekindən Qarabağ məsələsi ilə bağlı Moskvaya təsir göstərməsini istəyə bilər. Əvəzində isə, Azərbaycan və Türkiyə Uyğur və Tibet məsələsində Çinin rəsmi mövqeyini dəstəklyə bilər.

Azərbaycanın ABŞ-dan asılı olmadığını Rusiyaya nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Rusiya əmin olmalıdır ki, Qarabağ münaqişəsi həll edildikdən sonra region ABŞ-ın təsiri altına keçməyəcək. Əslində Qoşulmama hərəkatına üzvlük bu siaysətin tərkib hissəsidir. Əvvəlcə Türkiyə, daha sonra isə Azərbaycada Amerikadan idarə edildiyi iddia olunan “nurçu” şəbəkəsinə zərbələr endirilməsi, səfir Morninqstarın müxtəlif siyasi səviyyələrdə tənqid olunması və s. bu tip addımlar qeyd olunan siyasətin tərkib hissəsidir.

Regionun ABŞ-ın təsirinə keçməyəcəyinə Türkiyə də zamin ola bilər. Türkiyənin Yaxın Şərqdə kifayət qədər müstəqil siyasət yürütməsi və buna görə Amerika ilə münasibətlərdə gərginliyin yaşanması baş nazir Ərdoğanın Vaşinqtondan asılı olmayan siyasi imic formalaşdırmasına şərait yaratdı. Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyi, ümumiyyətlə, Rusiya ilə əməkdaşlığa səy göstərməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsilə bağlı Rusiya və Türkiyənin qoşulduğu regional qurumların yaradılması barədə təkliflər Moskvanın inandırılmasına hesablanıb.

Prezident İlham Əliyevin uğurlu üçtərəfli formatlardan söz açması Rusiya üçün də cəlbedici görünə bilər. Məsələn Rusiya-Azərbaycan-Türkiyə birgə iqtisadi əməkdaşlıq formatının yaradılması tamamilə mümkündür. Rusiyanın Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına cəlb edilməsi Dağlıq Qarabağ düyünü üçün növbəti açardır.

Qeyd olunanlar göstərir ki, Ukrayna hadisələri Azərbaycanın Dağlıq Qarabağ problenin həlli üçün illərdir quruğu kombinasiyanın nəticə verməsini daha da sürətləndirdi və yaxın vaxtlarda konkret irəliləyişlərin əldə olunmasını gözləmək olar.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti